Gələn il şəhər və rayonların gəlirləri nə qədər artacaq? – Tam siyahı


Gələn il Azərbaycanda şəhər və rayonlar üzrə yerli gəlirlərin ümumi həcminin 18,43 milyard manata çatacağı proqnozlaşdırılır.
Yeniavaz.com
Milli Məclisdə müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir ki, 2027-ci ildə yerli gəlirlərin həcmi 2026-cı ilin proqnozu ilə müqayisədə 9 faiz çox olacaq.
Belə ki, 2026-cı ilin dövlət büdcəsində şəhər və rayonlar üzrə yerli gəlirlərin 16,91 milyard manat təşkil edəcəyi nəzərdə tutulub.
Gələn il də yerli gəlirlərin əsas hissəsinin Bakı şəhərinin hesabına formalaşacağı gözlənilir. Paytaxt üzrə gəlirlərin 15,38 milyard manatdan 16,65 milyard manata yüksələcəyi proqnozlaşdırılır. Bu, 8,3 faizlik artım deməkdir. Bununla belə, Bakının ümumi yerli gəlirlərdəki payı 90,9 faizdən 90,3 faizə enəcək.
Bakı istisna olmaqla, digər şəhər və rayonların yerli gəlirlərinin isə 16,1 faiz artaraq 1,53 milyard manatdan 1,78 milyard manata çatacağı gözlənilir.

Məbləğ baxımından ən böyük artım Sumqayıt və Gəncədə
Bakıdan sonra məbləğ ifadəsində ən böyük gəlir artımının Sumqayıt şəhərində olacağı proqnozlaşdırılır. Belə ki, bu şəhərdə yerli gəlirlərin 243,6 milyon manatdan 288,3 milyon manata yüksəlməsi gözlənilir. Artım 44,7 milyon manat və ya 18,4 faiz təşkil edəcək.
Gəncə şəhərində isə yerli gəlirlərin 113,6 milyon manatdan 152,4 milyon manata çatacağı proqnozlaşdırılır. Bu, 38,8 milyon manat və ya 34,2 faiz artım deməkdir.
Məbləğ baxımından növbəti yerlərdə Tovuz rayonu (23,7 milyon manat), Yevlax (18,9 milyon manat), Abşeron (17 milyon manat) və Beyləqan (16,9 milyon manat) qərarlaşır.

Gəlirləri ən çox artacaq rayonlar hansılardır?
Faiz ifadəsində ən yüksək artım Beyləqan rayonunda gözlənilir. Burada yerli gəlirlərin 87,1 faiz artacağı proqnozlaşdırılır.
Xocavənddə 84,6 faiz, Ağdərədə 81 faiz, Tovuzda 72,7 faiz, Yevlaxda isə 68,2 faiz artım nəzərdə tutulub.
Xankəndi şəhərində də diqqətçəkən artım proqnozlaşdırılır. Belə ki, şəhərin yerli gəlirlərinin 3 milyon manatdan 10 milyon manata yüksələcəyi gözlənilir. Bu, 7 milyon manat və ya 233,3 faiz artım deməkdir.

Bəzi rayonlarda artım 1 faizdən də az olacaq
Bununla yanaşı, bir sıra şəhər və rayonlarda yerli gəlirlərin artım tempinin olduqca aşağı olacağı gözlənilir.
Belə ki, Astarada yerli gəlirlərin cəmi 0,2 faiz, Şirvanda 0,4 faiz, Saatlıda 1,3 faiz, Neftçalada 1,5 faiz, Xaçmazda isə 1,7 faiz artacağı proqnozlaşdırılır.
2027-ci ildə yerli gəlirlərin azalacağı yeganə ərazi Biləsuvar rayonu olacaq. Burada gəlirlərin 18,1 milyon manatdan 16,5 milyon manata düşəcəyi gözlənilir. Bu isə 1,6 milyon manat və ya 8,9 faiz azalma deməkdir.


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top