
2026-cı ilin 3 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov Türkiyə Respublikasının müxtəlif hotellərində istehsalat təcrübəsi keçmiş “Turizm işinin təşkili” ixtisası üzrə sonuncu kursda təhsil alan 32 tələbə ilə görüşüb. Görüşün əsas məqsədi tələbələrin beynəlxalq təcrübə müddətində əldə etdikləri bilik və praktiki bacarıqların qiymətləndirilməsi, onların peşəkar inkişaf perspektivlərinin müzakirəsi və ali təhsildən əmək bazarına keçid imkanlarının genişləndirilməsi olub.
Görüş zamanı rektor Anar Eminov universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbəyönümlü təhsil mühitinin gücləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərdən bəhs edib. O, tələbələrin xarici ölkələrdə istehsalat təcrübəsinə cəlb olunmasının onların nəzəri biliklərini real iş mühitində tətbiq etmələri, beynəlxalq xidmət standartlarını mənimsəmələri və rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmaları baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Anar Eminov bildirib ki, turizm sektorunun dinamik inkişafı müasir xidmət mədəniyyətinə, innovativ idarəetmə bacarıqlarına, xarici dil biliklərinə və mədəniyyətlərarası kommunikasiya səriştələrinə malik peşəkar kadrlara tələbatı artırır. Bu baxımdan beynəlxalq istehsalat təcrübəsi tələbələrə yalnız peşə vərdişləri qazandırmır, eyni zamanda, onların fərqli işgüzar mühitlərə uyğunlaşmasına, komanda şəklində işləmək və müstəqil qərarvermə bacarıqlarının inkişafına şərait yaradır.
Rektor tələbələrə qazandıqları beynəlxalq təcrübədən gələcək karyeralarında səmərəli istifadə etməyi, peşəkar bilik və bacarıqlarını davamlı inkişaf etdirməyi tövsiyə edib. O, ali təhsilin bakalavriat səviyyəsini başa vurduqdan sonra magistratura və digər təhsil imkanlarından yararlanmağın, xarici dillər üzrə bilikləri təkmilləşdirməyin, beynəlxalq sertifikatlaşdırma proqramlarında iştirak etməyin və ömürboyu öyrənmə prinsipini rəhbər tutmağın vacibliyini diqqətə çatdırıb.
Görüşdə tələbələr Türkiyənin hotelçilik və qonaqpərvərlik sektorunda keçdikləri istehsalat təcrübəsi ilə bağlı təəssüratlarını bölüşüb, xidmətin təşkili, müştəri məmnuniyyətinin təmin edilməsi, peşəkar ünsiyyət, iş proseslərinin koordinasiyası və komanda idarəçiliyi sahələrində qazandıqları praktiki biliklərdən danışıblar. Onlar beynəlxalq iş mühitində əldə etdikləri təcrübənin gələcək peşə fəaliyyətlərinə müsbət təsir göstərəcəyinə əminliklərini ifadə ediblər.
Tələbələr beynəlxalq təcrübə imkanlarının yaradılmasına, onların peşəkar inkişafına göstərilən diqqətə və davamlı dəstəyə görə universitet rəhbərliyinə, xüsusilə rektor Anar Eminova minnətdarlıqlarını bildiriblər. Belə təşəbbüslərin gənclərin öz potensiallarını reallaşdırmasına, beynəlxalq əmək bazarının tələblərini yaxından öyrənməsinə və gələcək karyeralarına daha inamla hazırlaşmasına mühüm töhfə verdiyini qeyd ediblər.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə tələbələrin gələcək məşğulluq perspektivləri, əldə etdikləri təcrübənin təhsil prosesində tətbiqi və beynəlxalq peşəkar əlaqələrin inkişaf etdirilməsi imkanları da müzakirə olunub.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində beynəlxalq təcrübə imkanlarının genişləndirilməsi, təhsil–sənaye əməkdaşlığının gücləndirilməsi, tələbələrin əmək bazarına hazırlığının təkmilləşdirilməsi və qlobal rəqabət mühitinə uyğun insan kapitalının formalaşdırılması universitetin strateji inkişaf prioritetləri sırasında mühüm yer tutur.






Tətbiqimizi yükləyə bilərsiniz