
Dövlət büdcəsindən ayrılan vəsaitin iqtisadi təsiri yalnız alınan mal və xidmətlərin dəyəri ilə ölçülməməlidir. Dövlətin hər bir satınalma qərarı ölkədə hansı sahələrin inkişaf edəcəyinə, hansı şirkətlərin böyüyəcəyinə və iqtisadi dəyərin harada formalaşacağına təsir göstərə bilər.
Bu baxımdan dövlət satınalmaları yalnız dövlət qurumlarının ehtiyaclarını qarşılamaq mexanizmi deyil, həm də iqtisadi inkişafı stimullaşdıran strateji vasitədir. Əsas məsələ dövlətin nə qədər vəsait xərcləməsi deyil, həmin vəsaitin ölkə iqtisadiyyatında hansı əlavə dəyəri yaratmasıdır.
Ənənəvi satınalma yanaşmasında əsas diqqət tələb olunan mal və xidmətlərin mümkün qədər aşağı qiymətə əldə edilməsinə yönəlir. Büdcə vəsaitlərinə qənaət baxımından bu, məntiqli yanaşmadır. Lakin iqtisadi səmərəliliyi yalnız ilkin alış qiyməti ilə ölçmək düzgün deyil.
Məsələn, dövlət qurumu müəyyən avadanlığı xaricdən daha ucuz qiymətə əldə edə bilər. Ancaq həmin məhsulun ölkə daxilində istehsalı mümkündürsə, qərar qəbul edilərkən texniki xidmət, ehtiyat hissələrinin əlçatanlığı, logistika xərcləri, yerli işçi qüvvəsinin inkişafı və məhsulun bütün istismar müddəti ərzində yaranan xərclər də nəzərə alınmalıdır. Bu, yerli məhsulun hər zaman daha sərfəli olması demək deyil. Məqsəd yalnız alış qiymətini deyil, ümumi iqtisadi faydanı qiymətləndirməkdir.
Beynəlxalq təcrübə göstərir ki, bir sıra ölkələr dövlət satınalmalarını sənaye və innovasiya siyasətinin tərkib hissəsi kimi istifadə edir. ABŞ-də tətbiq edilən “Buy American Act” federal satınalmalarda yerli istehsal edilmiş məhsullara dair tələblər müəyyən edir. Bu mexanizm məhsulun istehsal yerini və yerli komponentlərin payını nəzərə alır. Bununla belə, qanun bütün satınalmalara şamil edilmir və müxtəlif istisnalar mövcuddur.
Avropa İttifaqında strateji dövlət satınalmaları innovasiya, ekoloji dayanıqlılıq və sosial məsuliyyət kimi istiqamətləri əhatə edir. Burada diqqət yalnız mövcud məhsulların alınmasına deyil, həm də yeni texnologiyaların və innovativ həllərin bazara çıxarılmasına yönəldilir.
Cənubi Koreyanın təcrübəsi isə xüsusilə maraqlıdır. Ölkənin Dövlət Satınalmaları Xidməti innovativ məhsulların dövlət qurumlarında sınaqdan keçirilməsi və sonradan bazarda tətbiqinin genişləndirilməsi üçün xüsusi mexanizmlər yaradıb. Rəsmi məlumatlara əsasən, innovativ məhsulların sayı 2020-ci ildə 345 olduğu halda, 2024-cü ildə 2 280-ə yüksəlib. Bu yanaşma dövlət sifarişinin yeni məhsullar üçün ilkin bazar formalaşdırmaq imkanını nümayiş etdirir.
Azərbaycan üçün də bu istiqamətdə əhəmiyyətli imkanlar mövcuddur. İlk növbədə dövlət qurumlarının və iri dövlət şirkətlərinin orta və uzunmüddətli tələbatı təhlil edilməlidir. Hansı məhsulların mütəmadi idxal edildiyi, onların illik tələbat həcmi və yerli istehsal imkanları müəyyənləşdirilməlidir.
Məsələn, tikinti materialları, elektrik avadanlıqları, qoruyucu geyimlər, qablaşdırma materialları, sənaye ehtiyat hissələri və müəyyən texniki komponentlər üzrə bazar araşdırmaları aparıla bilər. Əgər konkret məhsula davamlı və proqnozlaşdırıla bilən tələbat varsa, bu məlumat potensial investorlar üçün də iqtisadi siqnal rolunu oynaya bilər. Sahibkar bazarın həcmini və mümkün sifariş imkanlarını əvvəlcədən gördükdə istehsal gücünə investisiya qoymaq barədə daha əsaslandırılmış qərar qəbul edə bilər.
Bunun üçün bir neçə istiqamətdə sistemli yanaşmaya ehtiyac var. Dövlət qurumlarının satınalma planları əsasında idxaldan asılılıq və yerli istehsal potensialı qiymətləndirilməli, tenderlər elan edilməzdən əvvəl potensial istehsalçılarla bazar məsləhətləşmələri aparılmalıdır. Satınalma qərarlarında yalnız ilkin qiymət deyil, məhsulun istismar müddəti, texniki xidmət və ümumi sahibolma xərcləri də nəzərə alınmalıdır. Eyni zamanda, innovativ yerli məhsulların dövlət qurumlarında pilot qaydada sınaqdan keçirilməsi üçün mexanizmlər inkişaf etdirilməlidir.
Lakin burada mühüm bir məqamı unutmaq olmaz: yerli istehsalın dəstəklənməsi rəqabətin məhdudlaşdırılması, süni inhisarların yaradılması və ya keyfiyyətsiz məhsulların bazara daxil olması hesabına həyata keçirilməməlidir. Dövlət dəstəyi şəffaf, ölçülə bilən və iqtisadi cəhətdən əsaslandırılmış meyarlar üzərində qurulmalıdır. Yerli istehsalçıya verilən imkan onun keyfiyyət, qiymət və texniki tələblər baxımından rəqabət aparmaq qabiliyyətini artırmalıdır.
Əlbəttə, bütün məhsulların ölkə daxilində istehsalı nə mümkündür, nə də iqtisadi baxımdan məqsədəuyğundur. Bəzi məhsulların idxalı daha səmərəli olacaq. Ancaq ölkədə rəqabətqabiliyyətli istehsal qurmaq mümkün olan sahələrdə dövlət tələbatını iqtisadi inkişaf strategiyası ilə əlaqələndirmək vacibdir.
Azərbaycanın dövlət satınalmalarına yalnız xərcləmə prosesi kimi deyil, uzunmüddətli iqtisadi nəticələr yaradan mexanizm kimi baxmasının vaxtı çatıb. Düzgün planlaşdırılmış satınalma siyasəti yerli istehsalın inkişafına, texnologiya transferinə, məşğulluğun artmasına və ölkə daxilində əlavə dəyərin formalaşmasına töhfə verə bilər.
Nəticədə, uğurlu satınalma yalnız məhsulun vaxtında və uyğun qiymətə əldə edilməsi deyil. O, eyni zamanda gələcəkdə daha yaxşı məhsul istehsal edə biləcək müəssisələrin, ixtisaslı mütəxəssislərin və yeni texnologiyaların formalaşmasına xidmət etməlidir.
Dövlətin xərclədiyi vəsait yalnız bugünkü ehtiyacları ödəməməli, sabahın iqtisadi imkanlarını da yaratmalıdır.
İbrahim Məmmədli,
Satınalma və təchizat zənciri üzrə mütəxəssis
Tətbiqimizi yükləyə bilərsiniz