
Texnologiya sahəsində fəaliyyət göstərən sahibkar və multimilyonçu Adam Robinson həyat yoldaşı və uşaqları ilə birlikdə Floridada “Learjet 60” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olublar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “New York Post” qəzeti sahibkarın qardaşına istinadən məlumat yayıb.
Xatırladaq ki, şəxsi təyyarə Floridanın Palm-Biç dairəsində qəzaya uğrayıb. Təyyarədə olan 9 nəfərin hamısı həyatını itirib.
“Dəhşətli qəzanın qurbanları 44 yaşlı multimilyonçu və texnologiya şirkətinin rəhbəri Adam Robinson, həyat yoldaşı Helen Şarp, eləcə də onların azyaşlı övladları – dörd yaşlı Emma və iki yaşlı Çarli olub”, – deyə nəşr yazıb.
İnternetdə qadın pilotla hava hərəkətini idarə edən dispetçerlər arasında danışıqların səs yazısı da yayımlanıb. Pilot yüngül buzlaşma və orta dərəcəli turbulentlik barədə məlumat verərək 11 kilometr yüksəkliyə qalxmaq üçün icazə istəyib. Lakin bir müddət sonra qəza siqnalı verərək təyyarənin hündürlüyünü kəskin itirdiyini bildirib.
Qəzada, həmçinin uşaqların dayəsi Anita Maria Apellido Cetina, ailə dostları Reyçel Rid və Çarmi Fehr, 55 yaşlı kapitan pilot Ceff Qreqori və 20 yaşlı ikinci pilot Nataliya Qadelha Filqeyras da həlak olublar.
Bildirilir ki, onlar təyyarə ilə Robinsonun ad gününü qeyd etməyə gedirmişlər.

Tətbiqimizi yükləyə bilərsiniz