
Belçika, Lüksemburq, İsveç və Estoniyada supermarket şəbəkələrinin soyuducu və dondurucu sistemlərinə kiberhücumlar nəticəsində ərzaq məhsullarının saxlanma temperaturu kəskin yüksəlib.
Yeniavaz.com “Forbes”ə istinadən xəbər verir ki, hücumlar nəticəsində bəzi mağazalarda soyuducu və dondurucu kameraların temperaturu 50 dərəcəyə qədər artıb.
Belçika-Hollandiya pərakəndə satış qrupu “Ahold Delhaize” və Belçikanın “Colruyt Group” şirkətləri gecə saatlarında baş verən İT hadisəsinin Belçika və Lüksemburqdakı mağazalarına təsir etdiyini açıqlayıblar.
“Delhaize” şirkətinin sözçüsü bildirib ki, bazar ertəsi səhər soyuducu sistemlərində temperaturun yüksəldiyi aşkarlanıb və hadisə ilə bağlı araşdırmaya başlanılıb. Belçikanın “Sabcobel” soyuducu şirkəti isə hadisənin kiberhücum olduğunu bildirib. Onun sözlərinə görə, hakerlər soyuducu qurğuları əritmə rejiminə keçiriblər.
İsveçdə də bir neçə supermarket şəbəkəsi kiberhücumların hədəfinə çevrilib. ICA mağazalarından birində soyuducu və dondurucu kameraların temperaturunun 50 dərəcəyə qədər yüksəldiyi bildirilib. Stokholmda yerləşən “ICA Baronen” mağazasında hücumun gecə saat 02:00-da baş verdiyi, problemin isə səhər saat 05:30-da aşkarlandığı qeyd olunub.
Estoniyada da supermarketlərdən birinin soyuducu sistemində temperaturun 50 dərəcəyə yüksəldiyi bildirilir.
Qeyd edək ki, Avropada bu cür hadisələr ilk dəfə qeydə alınmır. Ötən ay Fransada yüzlərlə supermarketin soyuducu sistemlərinə müdaxilə edildiyi bildirilmişdi. Polis həmin hücumlar nəticəsində bəzi qurğularda temperaturun 50 dərəcəyə qədər yüksəldiyini, hətta yanğınların və ərzaq məhsullarının itkisi hallarının baş verdiyini açıqlamışdı.
Hələlik hücumlara görə məsuliyyəti üzərinə götürən hər hansı qrup yoxdur. Hadisələrlə bağlı araşdırmalar davam edir.
Tətbiqimizi yükləyə bilərsiniz