Əli Həsənovun qızı Dubaydakı biznesini milyon dollara satmaqdan imtina etdi – Video


Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı Səfiyə Möhbəliyeva Dubayda qurduğu lüks biznesini milyon dollara satmaq təklifini qəbul etməyib.
Yeniavaz.com
xəbər verir ki, Səfiyə Möhbəliyeva bu barədə sosial şəbəkə hesabında paylaşdığı videoda məlumat verib.
Əli Həsənovun qızı Dubayda fəaliyyət göstərən lüks təkrar satış platforması – “Gemaee” şirkətinin təsisçisi və rəhbəridir. O, şirkətini satmaq üçün 7 rəqəmli təklifdən imtina etdiyini bildirib.
Səfiyə Möhbəliyeva paylaşımında özünü elmlər doktoru (PhD), keçmiş professor və iki uşaq anası kimi təqdim edib. O, illər ərzində müxtəlif proseslərin necə işlədiyini öyrəndiyini, indi isə həmin prosesləri özü yaratdığını qeyd edib.
“Genişlikdən daha çox dərinliyə üstünlük vermək sadəcə bir strategiya deyil, bu, bir intizamdır”, – deyə o vurğulayıb.
Möhbəliyeva hazırda yeni mağaza üzərində işlədiyini də açıqlayıb. O, bu dəfə biznesinin yaradılması prosesini və pərdəarxası məqamları izləyiciləri ilə bölüşəcəyini bildirib.

Qeyd edək ki, Səfiyə Möhbəliyeva daha əvvəl atasının rəhbərlik etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında müəllim vəzifəsində çalışıb. Eyni zamanda, “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədr müavini olub.
1990-cı ildə anadan olan Səfiyə Möhbəliyeva Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sabiq sədri Səttar Möhbəliyevin oğlu, Qaradağ Rayon Polis İdarəsinin sabiq rəisi, polkovnik İsfəndiyar Möhbəliyevlə ailəli olub. Mətbuatda yayılan məlumatlara görə, İsfəndiyar Möhbəliyev boşanmaq üçün ötən il məhkəməyə müraciət edib.
Onu da bildirək ki, Əli Həsənovun oğlu Şamxal Həsənli də bir neçə ildir ABŞ-də yaşayır.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top