
ABŞ məhkəməsi Prezident Donald Trampın “The Wall Street Journal” qəzetinə qarşı qaldırdığı 20 milyard dollarlıq böhtan iddiasını birdəfəlik rədd edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
ABŞ Federal Dairə Məhkəməsinin hakimi Darrin Geyls Trampın qəzetə qarşı dəyişdirilmiş şikayət ərizəsinin də qanuni tələblərə cavab vermədiyi qənaətinə gəlib.
Hakim bu il ikinci dəfə olaraq prezidentin qəzetin qəsdən və pis niyyətlə yalan məlumat yaydığını inandırıcı şəkildə sübut edə bilmədiyini bildirib. ABŞ qanunvericiliyinə əsasən, ictimai xadimlərin böhtan iddiasının təmin olunması üçün qarşı tərəfin məlumatın yalan olduğunu bilərək və ya həqiqətə etinasız yanaşaraq dərc etdiyini sübut etməsi tələb olunur.
Xatırladaq ki, Geyls bu ilin aprelində Trampın 20 milyard dollarlıq iddiasını rədd etmiş, lakin prezidentə şikayət ərizəsini yenidən hazırlamaq imkanı vermişdi. Ancaq dəyişdirilmiş şikayətin də əvvəlki nöqsanları aradan qaldırmadığı qənaətinə gələn hakim məhkəmə işini bu dəfə birdəfəlik bağlayıb. Bu qərar Trampın eyni iddianı eyni formada yenidən qaldırmasına mane olur.
Qəzetin ana şirkəti “Dow Jones”un nümayəndəsi CNN-ə açıqlamasında məhkəmənin qərarından məmnun olduqlarını bildirib. Trampın hüquq komandası isə qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb. Prezidentin sözçüsü də onun “The Wall Street Journal” və digər cavabdehlərə qarşı hüquqi mübarizəsini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, Tramp 2025-ci ilin iyulunda “The Wall Street Journal” qəzetində Ceffri Epşteynə ünvanlandığı iddia edilən ədəbsiz məktubla bağlı məqalənin dərcindən sonra məhkəməyə müraciət etmişdi. Məktubda ABŞ prezidentinin adı yer alırdı. Tramp məktubu yazdığını təkzib edərək qəzeti bilərəkdən yalan məlumat yaymaqda ittiham etmişdi.
Bu məhkəmə işi Trampın media qurumlarına qarşı başlatdığı daha geniş hüquqi mübarizənin bir hissəsi hesab olunur. ABŞ prezidenti bundan əvvəl “The New York Times” və BBC-yə qarşı da milyardlarla dollar təzminat tələb edən iddialar qaldırıb.
Tətbiqimizi yükləyə bilərsiniz