“Bu qərara yenidən baxılmalıdır!” - Deputatdan qaçqın aksiyalarına şərh

"Qaçqın və məcburi köçkünlərin bütün əhali kateqoriyası ilə eyni ödəniş sisteminə salınmasında müəyyən narahatlıqlar yarana bilər. Necə ki yaranır”.Yeniavaz.com xəbər verir ki, bunu BakiPost.az-a açıqlamasında deputat Fazil Mustafa son vaxtlar məcburi köçkünlərin sayğacların quraşdırılmasına qarşı keçirdikləri etiraz aksiyalarını şərh edərkən deyib.

Deputat hesab edir ki, məcburi köçkünlərin kifayət qədər sıxıntıları var, onların kommunal xərcləri ödəmək imkanlarının nə qədər olduğunu daha dərindən götür-qoy etmək lazımdır: "Onların sıxıntılarını həll eləməyin özü da bir problemdir.

Düzdür, dövlət səviyyəsində xeyli işlər görülüb; evlər tikilib, köçkünlər mənzillərlə təmin olunub. Amma bu, problemlərin tam həlli demək deyil. Problemlər tam həllini tapmayana qədər isə kommunal xərclərin ödənilməsində və digər sahələrdə müəyyən dərəcədə güzəştli variantların düşünülməsi vacibdir. Məcburi köçkünlər elə bir həssas kateqoriyalı insanlardır ki, onların vəziyyətini bütün hallarda nəzərə almaq lazımdır. Buna görə də, hökumətin bu barədə düşünməsini, verilən qərara yenidən baxılmasını vacib sayıram. Çünki məcbur köçkünlər bizim ən həssas yerimizdir.

Torpaqlar işğaldan azad olunmayana kimi onlar bizim üçün bir əmanətdir. Onların normal yaşaması, ayaqda qalması hamımızın məsələsidir və müəyyən köməklik istəyən sahədir. Ona görə də bu məsələyə bir az anlayışlı yanaşmaq vacibdir ki, sıxıntı yaşamasınlar”.

Fazil Mustafa ödəniş imkanları məhdud olan məcbur köçkünlər üçün alternativ variantları düşünmək bərədə müzakirələrə başlanılmasının gözlənildiyini söyləyib. O eyni zamanda məcburi köçkünlərlə görüşlərin keçirilməsini vacib sayır: "Məsələlərlə bağlı söhbətlər, profilaktik iş aparmaq lazımdır ki, bu etirazlar hüquqi çərçivəni aşmasın. Hüquqi çərçivəni aşanda adamların özləri də birbaşa əziyyət çəkir. Bu baxımdan da bütün hallarda yalnız hüquq çərçivəsində hər kəs öz hüququnu, haqqını tələb etməyə üstünlük verməlidir”.

Qeyd edək ki, prezident İlham Əliyevin imzaladığı fərmana əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.

Prezidentin verdiyi fərmandan sonra məcburi köçkünlərin yaşadıqları mənzillərə sayğacların qoyulmasına başlanılıb.

Lakin məcburi köçkünlər müxtəlif yerlərdə sayğaclaşmaya etiraz əlaməti olaraq aksiyalar keçirib və aidiyyəti qurumların əməkdaşları ilə dava ediblər.

DİGƏR XƏBƏRLƏR

Top