
Gürcüstanda keçirilən miqrasiya nəzarəti əməliyyatı zamanı qanunsuz yaşayan 61 xarici ölkə vətəndaşı saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Georgia Online” məlumat yayıb.
Bildirilib ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində həyata keçirilən yoxlamalar nəticəsində saxlanılanlar arasında Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Tayland, İordaniya, Çin, Özbəkistan və Türkmənistan vətəndaşları da var.
Miqrasiya Departamentinin məlumatına görə, yoxlamalar zamanı həmin şəxslərin “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Gürcüstan Qanununun tələblərini pozaraq ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.
Saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti saxlama mərkəzinə yerləşdiriliblər.
Hazırda onların Gürcüstandan deportasiya edilməsi ilə bağlı zəruri prosedurlar həyata keçirilir.
Tətbiqimizi yükləyə bilərsiniz