
ABŞ Dövlət Departamenti təhlükəsizlik təhdidləri səbəbindən Səudiyyə Ərəbistanından diplomatlarının və onların ailə üzvlərinin bir hissəsini təxliyə edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat departamentin rəsmi saytında öz əksini tapıb.
“23 oktyabr 2026-cı il tarixindən etibarən Dövlət Departamenti ABŞ hökumətinin vacib olmayan əməkdaşlarına və onların ailə üzvlərinə təhlükəsizlik təhdidləri səbəbindən Səudiyyə Ərəbistanını tərk etməyi tapşırıb”, - Dövlət Departamentinin məlumatında deyilir.
Dövlət Departamenti həmçinin, İran tərəfindən dəstəklənən Husi üsyançılarının (Yəmənin “Ənsar Allah” hərəkatı) Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatlar apardığını, o cümlədən mülki hava limanlarına və digər vacib infrastruktura hücumlar etdiyini, mülki şəxslər arasında itkilərə səbəb olduğunu bildirib.
“Münaqişənin bilavasitə döyüş zonasından kənarda sürətlə alovlanması ehtimalı var”, - Dövlət Departamenti qeyd edib.
Dövlət Departamenti həmçinin, qeyd edib.ki, diplomatlar Səudiyyə Ərəbistanındakı hava limanlarına son raket və dron hücumları səbəbindən Səudiyyə Ərəbistanındakı istənilən hava limanından istifadə etmək üçün missiya rəhbərindən xüsusi icazə almalıdırlar.
“ABŞ vətəndaşları hava limanlarına mümkün hücumlara, hava məkanının bağlanmasına, uçuşların ləğvinə hazır olmalıdırlar. Səudiyyə Ərəbistanındakı hava limanlarından istifadə etməyi seçsəniz, son dərəcə ehtiyatlı olmağınızı tövsiyə edirik", - Dövlət Departamenti bildirib.
Qeyd edək ki, 2014-cü ilin avqust ayından bəri Yəməndə Husi üsyançıları ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında silahlı münaqişə davam edir. 2026-cı ilin iyul ayında üsyançılar krallığa qarşı dəniz blokadası elan ediblər və sonradan onun bir neçə neft tankerinə hücum ediblər.
Avqustun əvvəlində “Ənsar Allah” hərəkatı Yəmənin cənub-qərbində hücuma keçib və 10-11 sentyabr tarixlərində Moha liman şəhəri və Bab əl-Məndəb boğazı yaxınlığındakı ərazilərə nəzarəti ələ keçirib. 4 oktyabrda Yəmən hökumət qüvvələri üsyançıların əlində olan əraziləri geri almaq üçün genişmiqyaslı hərbi əməliyyatın başladığını elan edib.
Tətbiqimizi yükləyə bilərsiniz