"Avropa Oyunlarının açılışında Ledi Qaqaya 1 milyon dollar verilmişdi" - Azad Rəhimov

“Formula 1 azarkeşlərini əyləndirmək üçün təşkil olunacaq konsertə dünya səviyyəli ulduzlar gələcək”, - gənclər və idman naziri Azad Rəhimov belə deyib. Nazir jurnalistlərə verdiyi açıqlamada bildirib ki, ötən il keçirilən "Formula 1" Azərbaycan Qran-Prisində həm təşkilatçılıq, həm də əyləncə elementləri yüksək səviyyədə idi. Bu il fərqli olacaq:

“Bəzi dünya səviyyəli ulduzlarla danışıqlar aparılır, ancaq hələ müqavilə imzalanmayıb”.

Xarici ulduzların qonararı barədə danışan nazir qeyd edib ki, rəqəmlər heç kəs üçün sirr deyil:

“Bu sahədə mütəxəssis olanlar bilir ki, dünya ulduzları hansı məbləğ müqabilində çıxışlar edirlər. Bəziləri 3 min, bəziləri 30-50 min, bəziləri isə 300 min dollar və daha baha məbləğ qarşılığında gəlirlər. Məsələn, I Avropa Oyunlarının açılışında çıxış edən Ledi Qaqaya 1 milyon dollar qonarar ödənmişdi. Büdcə həmişə mediaya açıqlanıb. Biz ənənəyə uyğun olaraq, yarışın sonunda təşkilati işlərə xərclənən pulları açıqlayacağıq. Bu il yeni avadanlıqlar alınmayacaq, ötənilki texniki avadanlıqlardan istifadə olunacaq. Buna da ümumilikdə daha az maliyyə xərclənəcək”.

5 il boyunca Azərbaycanda keçiriləcək Formula 1 yarışına ötən il xərclənən rəsmi vəsait açıqlanmadı. Gənclər və idman naziri Azad Rəhimov təkcə onu dedi ki, Avropa Qran Prisi məqsədilə nəzərdə tutulan yollarda təmir işləri üçün 12 milyon manat ayrılıb.

DİGƏR XƏBƏRLƏR

Top