
Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xarici ölkələrdən 302 min 507 ton 540 kiloqram şəkər qamışından alınan xam şəkər idxal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadla xəbər verir ki, idxal olunan məhsulun ümumi dəyəri 136 milyon 154,91 min dollar olub.
Qeyd edək ki, idxal edilən xam şəkərin 1 kiloqramının orta gömrük dəyəri 45 sent (76 qəpik) təşkil edib.
Xam şəkər Azərbaycana bu ölkələrdən gətirilib:
Braziliya – 242 min 902,35 ton (1 kiloqramının orta gömrük dəyəri 76 qəpik);
Salvador – 49 min 337,52 ton (76 qəpik);
Argentina – 10 min 224,01 ton (77 qəpik);
Kolumbiya – 30,74 ton (4 manat 6 qəpik);
Rusiya – 10,14 ton (4 manat 23 qəpik);
Mavrikiya – 2,37 ton (6 manat 2 qəpik);
Almaniya – 0,41 ton (7 manat).
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycana bu ilkindən 55,5 min ton və ya 22,5% az şəkər qamışından alınan xam şəkər idxal edilib. Ötən ilin ilk 8 ayında idxal edilən xam şəkərin 1 kiloqramının orta gömrük dəyəri 52 sent (88 qəpik) olub. Açıqlanan məlumatdan da göründüyü kimi, son bir ildə idxal olunan xam şəkərin gömrük dəyəri 13,6% aşağı düşüb.
Məlumat üçün qeyd edək ki, bu ilin ilk 8 ayında Azərbaycanda 126,4 min ton şəkər çuğunduru istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çox olub. Eyni zamanda ötən ilin eyni dövrü ilə müqayisədə şəkər (qənd) istehsalında da artım qeydə alınıb. Belə ki, bu ilin ilk 8 ayında 313,4 min ton şəkər istehsal edilib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,1% çox olub.
Xam şəkərin idxalı (şəkər qamışı) və yerli xammalın (şəkər çuğunduru) istehsalında qeydə alınan kəskin artım, həmçinin buna paralel olaraq şəkər (qənd) istehsalındakı artım bu məhsulun ixracının da artmasına səbəb olub. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 8 ayında şəkər ixracı təxminən 2,6 dəfə artaraq 55,5 min tondan 147 min tona yüksəlib. Əsasən Orta Asiya ölkələri və Əfqanıstana ixrac olunan şəkərin gömrük dəyəri isə aşağı düşüb. Belə ki, ötən ilin ilk 8 ayında xaricə ixrac olunan şəkərin 1 kiloqramının orta gömrük dəyəri 1,21 manat olubsa, bu ilin ilk 8 ayında bu göstərici 13,2% ucuzlaşaraq 1,05 manata düşüb. Məsələn, ötən il Özbəkistana satılan şəkərin 1 kiloqramının orta gömrük dəyəri 1,33 manat olduğu halda, bu il 1,20 manata enib. Bundan başqa, ötən il Əfqanıstana şəkər ixrac edilmədiyi halda, bu il bir kiloqramı 90 qəpikdən 21,6 min ton şəkər göndərilib.
Məlumat üçün onu da bildirək ki, ölkəyə idxal olunan xam şəkərin və xarici ölkələrə ixrac olunan şəkər qiymətində enmə olsa da, ölkə daxilində satılan şəkərin qiymətində artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, ötən ilin avqust ayı ilə müqayisədə bu ilin avqust ayında marketlərdə şəkərin bir kiloqramının orta satış qiyməti 3,4% və ya 10 qəpik bahalaşaraq 3,03 manata yüksəlib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz