
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Volqoqrad vilayətində yerləşən Marinovka hərbi aerodromuna hücum edərək iki Su-34 qırıcı-bombardmançı təyyarəsini məhv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, oktyabrın 29-da həyata keçirilən hücum “Neptun” sahil müdafiə raket sistemindən istifadə edilməklə reallaşdırılıb.
Ukrayna Prezidenti Volodimir Zelenski də iki Su-34 təyyarəsinin məhv edildiyini təsdiqləyib. O, həmçinin Ukrayna qüvvələrinin Rusiyaya məxsus “İskəndər” raketini də məhv etdiyini bildirib.
Ukraynanın “Casus Dosyesi” nəşrinin məlumatına görə, Marinovka aerodromuna hücum nəticəsində iki rusiyalı hərbçi ölüb, daha iki nəfər yaralanıb. Məlumata əsasən, aerodromdan Rusiya Hərbi Hava Qüvvələrinin 11-ci Qarışıq Aviasiya Alayı istifadə edir.
Qeyd edək ki, Su-34 Rusiyanın zərbə aviasiyasının əsas təyyarələrindən biri hesab olunur. Dördüncü nəsil çoxməqsədli qırıcı-bombardmançı olan bu təyyarə 8 tona qədər döyüş yükü daşıya bilir.
Ukrayna Baş Qərargahının açıqlamasında vurğulanıb ki, Su-34-lərin məhv edilməsi Rusiyanın Ukrayna ərazisindəki cəbhə xəttinə, mülki infrastruktura və hərbi mövqelərə idarəolunan aviasiya bombaları (KAB) ilə zərbələr endirmək imkanlarını zəiflədir. Bir Su-34 təyyarəsinin bazar dəyərinin təxminən 50 milyon dollar olduğu bildirilir.
Qeyd edək ki, “Oryx” layihəsinin məlumatına əsasən, müharibə başlayandan bəri Su-34M modifikasiyası da daxil olmaqla, azı 43 belə təyyarənin məhv edilməsi, daha dördünün isə zədələnməsi sənədləşdirilib.
Ukrayna Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, 22 oktyabr 2026-cı il tarixinə Rusiyanın silahlanmasında Su-34M də daxil olmaqla, müxtəlif modifikasiyalı təxminən 140 Su-34 təyyarəsi olub.
Tətbiqimizi yükləyə bilərsiniz