Azərbaycanın ən böyük ixracatçısı olan bu şirkətlərin 28 milyon borcu var


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20,5% artaraq 3,2 milyard dollar təşkil edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, qeyd olunan dövrdə aqrar məhsullar üzrə ixrac 16,5% artaraq 776,84 milyon dollara çatıb.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında ən çox qeyri-neft məhsulu ixrac edən 10 özəl şirkətin 2-si yeni yaradılıb. İlin ilk 9 ayında xaricə ən çox məhsul ixrac edən 6-cı şirkət “Prime Export” MMC (VÖEN – 1704051651) olub. Bu şirkət 9 ay ərzində 43,9 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib. Şirkət ötən ilin avqust ayının 28-də dövlət qeydiyyatına alınıb və 2025-ci ildə xaricə məhsul ixrac etməyib. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əliyev Fuad Vilayət oğludur.
“Prime Export” MMC ilə eyni tarixdə – ötən ilin 28 avqust tarixində dövlət qeydiyyatına alınan daha bir şirkət də bu il ən çox qeyri-neft məhsulu ixrac edən şirkətlərin sırasına daxil olub. Nizamnamə kapitalı 10 manat olan “AFA Export” MMC (VÖEN – 8504857451) adlı şirkət bu ilin ilk 7 ayında xaricə 27 milyon dollar dəyərində məhsul göndərib. Qanuni təmsilçisi Novruzəliyev Bəhruz Zirəddin oğlu olan “AFA Export” MMC də ötən il xaricə məhsul ixrac etməyib.
Novruzəliyev Bəhruz Zirəddin oğlunun qanuni təmsilçisi olduğu başqa bir şirkət – “Vvest Stream” MMC (VÖEN – 2009563081) də ötən ilin dekabr ayının 10-da dövlət qeydiyyatına alınıb. Qeydiyyata alındıqdan qısa müddət sonra ixrac əməliyyatlarına başlayıb və bu ilin ilk 9 ayında 32,3 milyon dollar dəyərində məhsul ixrac edib.
Açıqlanan məlumatlardan da göründüyü kimi, bir-biri ilə əlaqəli olan bu 3 şirkətin 7 ayda ixrac etdiyi məhsulun ümumi gömrük dəyəri 103,2 milyon dollar olub.
Diqqət çəkən məqamlardan biri də odur ki, adları qeyd olunan bu şirkətlərdən biri – “AFA Export” MMC qeydiyyatdan keçdikdən qısa müddət sonra ölkənin ən böyük ixracatçı şirkəti olsa da, artıq fəaliyyətini dayandırıb və hazırda dövlət büdcəsinə 8 milyon 974 min 974 manat 11 qəpik vergi borcu var. Bəhruz Novruzəliyevin rəhbərlik etdiyi digər şirkət – “Vvest Stream” MMC-nin isə dövlət büdcəsinə 1 milyon 410 min 437 manat 39 qəpik vergi borcu yaranıb. “Prime Export” MMC-nin vergi borcu isə 2 min 276 manat 34 qəpik olub.
Onu da bildirək ki, “AFA Export” MMC ilə eyni gündə yaranan, eyni hüquqi ünvanda (Şəmkir r., Seyfəli) yerləşən və Novruzəliyev Bəhruz Zirəddin oğlunun rəhbərlik etdiyi başqa bir şirkətin – “NB Furuit” MMC-nin (VÖEN – 8504857321) də dövlət büdcəsinə böyük həcmdə – 4 milyon 294 min 151 manat 89 qəpik vergi borcu var. Novruzəliyev Bəhruz Zirəddin oğlunun rəhbərlik etdiyi başqa bir şirkətin – “North-South Stream” MMC-nin də (VÖEN – 1702557991) dövlət büdcəsinə 2 milyon 982 min 892 manat 65 qəpik vergi borcu var.
Bu il ən böyük 10 ixracatçı sırasına daxil olan bu şirkətlər ixrac əməliyyatlarının əksəriyyətini iyul ayında həyata keçirib. Belə ki, bu ilin ilk yarısında bu şirkətlərdən yalnız “Prime Export” MMC 15,6 milyon dollarlıq ixrac ilə ən böyük 10 ixracatçı siyahısında olub. İlin ilk yarısında ən böyük ixracatçılar arasında “Prime LM” MMC (VÖEN – 1103072871) adlı şirkət də yer alıb. Bu şirkət də ötən il yaranmasına baxmayaraq, bu ilin ilk yarısında 17,1 milyon dollar dəyərində məhsul ixrac edib. Digər şirkətlər kimi, bu şirkətin də dövlət büdcəsinə böyük həcmdə – 10 milyon 191 min 430 manat 3 qəpik vergi borcu var.
Bənzər vəziyyət ötən illərdə də davam edib. Məsələn, ötən il ən böyük ixracatçı şirkətlərdən biri Əliyev Fuad Vilayət oğlunun rəhbərlik etdiyi “Uytrop” MMC (VÖEN – 1703896061) olub. Şirkət 2024-cü ilin 25 oktyabr tarixində dövlət qeydiyyatına alınıb və növbəti ildə 29,5 milyon dollar dəyərində məhsul ixrac edib. Hazırda dövlət büdcəsinə 59 min 78 manat 32 qəpik vergi borcu var və hüquqi ünvanı da “Prime Export” MMC ilə eyni ünvanda yerləşir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top