Çində rüşvət alan məmur ölüm cəzasına məhkum edildi


Çində məhkəmə çərşənbə axşamı Çin Qiymətli Kağızlar Tənzimləmə Komissiyasının korrupsiya ilə mübarizə üzrə keçmiş rəsmisi Vanq Huiminə ikiillik möhlətlə ölüm cəzası verib.
Yeniavaz.com
“Sinxua” agentliyinə istinadla xəbər verir ki, o, 436 milyon yuandan (65 milyon dollar) çox qanunsuz gəlir əldə etməkdə təqsirli bilinib.
Birinci instansiya məhkəməsinin hökmündə qeyd olunub ki, Vanq 1998–2025-ci illərdə Çinin şimal-qərbində yerləşən Sincan bölgəsində və ölkənin qiymətli kağızlar bazarına nəzarət edən qurumda müxtəlif vəzifələrdə çalışarkən şirkətlərə və ayrı-ayrı şəxslərə güzəştlər müqabilində rüşvət alıb.
Bildirilib ki, bu güzəştlərə biznes fəaliyyətinə və maliyyə vəsaitlərinin cəlb edilməsinə kömək göstərilməsi də daxil olub.
Məhkəmə rüşvətin məbləğinin olduqca böyük olduğunu və törədilən əməllərin ağır zərər vurduğunu əsas gətirərək ölüm cəzası təyin edib.
Bununla belə, bəzi cinayətlərin yalnız cəhd mərhələsində qalması, Vanqın istintaqa məlum olmayan bəzi faktları könüllü açıqlaması və qanunsuz əldə edilmiş vəsaitlərin bir hissəsinin geri qaytarılması nəzərə alınaraq cəzanın icrasına ikiillik möhlət verilib.
Vanq məhkəmədə təqsirini etiraf edib və peşman olduğunu bildirib.
Məhkəmə onu ömürlük siyasi hüquqlardan məhrum edib və bütün şəxsi əmlakının müsadirə olunması barədə qərar çıxarıb.
Çin qanunvericiliyinə əsasən, ölüm hökmünün iki il müddətinə təxirə salınması məhkumun edamının bu müddətdə icra edilməməsi deməkdir. Adətən, iki il ərzində yeni cinayət törədilmədikdə belə cəza ömürlük həbsə çevrilir.
Bununla belə, məhkəmə bildirib ki, Vanq ömrünün sonunadək həbsdə qalacaq və onun cəzası azaldılmayacaq, şərti azadlığa buraxılmasına da icazə verilməyəcək.

DİGƏR XƏBƏRLƏR

Top