
“Atasını itirdikdən sonra anası ilə yaşamağa başlayan azyaşlı qızın həyatı anasının yenidən ailə qurmasından sonra dəyişib. Ailədə yeni uşağın dünyaya gəlməsi ilə qızın həyatında ağır günlər başlayıb. İddialara görə, anası ona qarşı çox pis münasibət göstərib və qız demək olar ki, hər gün zorakılığa məruz qalıb”.
Yeniavaz.com xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova öz sosial media hesabında yazıb.
O bildirib ki, evdə baş verənlərdən narahat olan bibiləri uşağın vəziyyətinin yaxşı olmadığını dəfələrlə görüblər:
“Onlar anadan uşağa rahatlıq verməsini, ona qarşı zorakılığa son qoymasını istəsələr də, bu cəhdlər nəticəsiz qalıb.
Vəziyyətin ciddiliyini və uşağın həyatının təhlükədə olduğunu görən bibələri aidiyyəti dövlət qurumlarına müraciət ediblər. Müraciətdən sonra dövlət qurumları ailədə araşdırma aparıb və uşağı anasının yanından götürüblər.
Uşağın sığınacağa yerləşdirilməsindən sonra da çətinliklər bitməyib. Anasının ona ünvanladığı təhdidlərdən sonra qız yeni həyatına qorxu və narahatlıq içində başlayıb.
Bu gün 14 yaşı olan qız indiyədək məktəbə getmək imkanından məhrum qalıb. İndi isə sığınacaqda ilk dəfə əlifbanı öyrənir, təhsilə başlayır. Yaşadığı ağır hadisələrə baxmayaraq, gülümsəməyi də unutmur.
Bibilərinin sözlərinə görə, anasının vəziyyəti də narahatlıq doğurur və onun ciddi psixoloji problemlərinin ola biləcəyindən şübhələnirlər”.
Tətbiqimizi yükləyə bilərsiniz