İsraildə yenidən növbədənkənar seçkilər keçirilə bilər


İsraildə keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi sağçı blok parlamentdə hökumət qurmaq üçün zəruri çoxluğu əldə edə bilməyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, oktyabrın 27-də keçirilən seçkilərdən sonra açıqlanan ilkin nəticələrə əsasən, Netanyahunun rəhbərlik etdiyi blokla keçmiş hərbçi Qadi Eisenkotun rəhbərlik etdiyi siyasi qüvvələrin təmsil olunduğu blok arasında ciddi fərq yaranmayıb.
“Kan 11” və “Channel 13” telekanallarının seçki proqnozlarına əsasən, hər iki blokun 51 mandat qazanacağı gözlənilir. “Channel 12” telekanalının proqnozunda isə Netanyahunun bloku 52, rəqibləri 49 mandatla göstərilib.
İsrail parlamentində – Knessetdə hökumət qurmaq üçün 120 mandatdan azı 61-ni əldə etmək lazımdır. İlkin nəticələrə görə, tərəflərdən heç biri bu həddə çata bilməyib.
Netanyahu seçkilərdən sonra tərəfdarlarına müraciət edərək güclü sağçı milli hökumət qurmağa çağırıb. O, İsrailin təhlükəsizliyi məsələsini ön plana çəkib və ABŞ Prezidenti Donald Trampla birlikdə İran təhlükəsinin aradan qaldırılması üçün yeni addımların atıla biləcəyini bildirib.
Seçkilərin nəticələri İsraildə siyasi qeyri-müəyyənliyin davam edə biləcəyini göstərir. Ərəb partiyalarının hər iki əsas blokdan kənarda qalması hökumətin formalaşdırılması prosesində onların mövqeyini əhəmiyyətli edə bilər. Bununla belə, Eisenkot bu partiyalarla hökumət qurmaq ehtimalını faktiki olaraq istisna edib.
İsrail Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə iştirak 77,7 faiz təşkil edib. Bu, son 20 ildən artıq müddətdə qeydə alınan ən yüksək göstərici hesab olunur.
Səsvermənin yekun nəticələrinin oktyabrın 29-da və ya 30-da açıqlanacağı gözlənilir. Heç bir siyasi blok hökumət qurmaq üçün lazımi dəstəyi toplaya bilməsə, ölkədə növbədənkənar seçkilərin keçirilməsi məsələsi gündəmə gələ bilər.
Qeyd edək ki, bu, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan, eləcə də Qəzza zolağı, Livan və İranla bağlı müharibələrdən sonra İsraildə keçirilən ilk parlament seçkiləridir.

DİGƏR XƏBƏRLƏR

Top