
Azərbaycanda vaxtı keçmiş kreditlərin (problemli kreditlər) həcmi son 3 ilin ən yüksək səviyyəsinə çatıb.
Yeniavaz.com Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, oktyabr ayının əvvəlində bank sektorunun kredit portfeli 35 milyard 739,4 milyon manat, vaxtı keçmiş kreditlərin həcmi isə 754,3 milyon manat təşkil edib.
Qeyd edək ki, son bir ildə kredit portfeli 4 milyard 697,6 milyon manat və ya 15,1% artıb. Eyni dövrdə vaxtı keçmiş kreditlərin həcmi 226,2 milyon manat və ya 42,8% çoxalıb.
Beləliklə, problemli kreditlərin artım tempi ümumi kredit portfelinin artım tempini təxminən 2,8 dəfə üstələyib.
2026-cı ilin əvvəlindən sentyabrın sonunadək kredit portfeli 3 milyard 792,7 milyon manat və ya 11,9% artıb. Vaxtı keçmiş kreditlərin həcmi isə bu müddətdə 229,8 milyon manat və ya 43,8% yüksəlib.
Problemli kreditlərin ümumi kredit portfelindəki payı da yüksəlib. 2025-ci ilin sentyabrında 1,7% olan bu göstərici 2026-cı ilin sentyabrında 2,1%-ə çatıb. Bu, 2023-cü ilin sentyabrından bəri qeydə alınan ən yüksək göstəricidir.
Onu da bildirək ki, 2024-cü ilin dekabrında problemli kreditlərin ümumi kredit portfelindəki payı 1,5%-ə qədər azalmışdı. Sonrakı dövrdə isə göstərici yenidən yüksəlməyə başlayıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz