
ABŞ-də 2026-cı il aralıq seçkiləri ərəfəsində Konqresə namizədlərin topladığı vəsaitin həcmi açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, ABŞ Federal Seçki Komissiyasının oktyabrın 26-dək olan məlumatları əsasında hazırlanan siyahıya görə, Senata namizədlər arasında ən çox vəsait toplayan demokrat Ceyms Talarikodur.
O, kampaniyası üçün 146,3 milyon dollar cəlb edib.
İkinci yerdə 136,6 milyon dollarla demokrat Con Ossof qərarlaşıb. Şerrod Braun 68,4 milyon dollarla üçüncü, Abdul Əl-Sayed 53,8 milyon dollarla dördüncü, Roy Kuper isə 49,6 milyon dollarla beşinci yerdədir.
Senata namizədlər arasında ilk onluqda yer alanların hamısı Demokratlar Partiyasının üzvləridir.
Nümayəndələr Palatasına namizədlər arasında isə ən çox vəsait toplayan demokrat Aleksandriya Okasio-Kortesdir. Onun seçki kampaniyasına 38 milyon dollar cəlb edilib.
İkinci yerdə 26,2 milyon dollarla Devid Tron qərarlaşıb. Lakin o, iyunun 23-də keçirilən Demokratlar Partiyasının ilkin seçkilərində məğlub olduğu üçün noyabr seçkilərində iştirak etməyəcək.
ABŞ Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Conson 24,6 milyon dollarla üçüncü yerdədir. Demokrat Erik Cons 18,1 milyon dollarla dördüncü, Demokratlar Partiyasının Nümayəndələr Palatasındakı lideri Ceffris isə 17,9 milyon dollarla beşinci yeri tutur.
Nümayəndələr Palatasına namizədlərin ilk onluğunda yalnız iki respublikaçı yer alıb. Bunlar Mayk Conson və Entoni Konstantinodur.
Məlumatda qeyd olunur ki, namizədlərin topladığı vəsait onların şəxsi maliyyə imkanlarından da asılıdır. Məsələn, Devid Tron kampaniyasına öz vəsaitindən təxminən 25 milyon dollar borc verib. Kaliforniyada namizəd olan Erik Cons isə kampaniyasına şəxsi vəsaitindən təxminən 15 milyon dollar ayırıb.
Qeyd edək ki, İlon Mask 2026-cı il seçki dövründə Respublikaçılar Partiyasını dəstəkləyən qruplara və özünün “America PAC” siyasi fəaliyyət komitəsinə 445 milyon dollardan çox vəsait ayırıb.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz