Neft Fondundan büdcəyə köçürülən pullar 176 milyard manatı keçib


Məlum olduğu kimi, “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunub.
Yeniavaz.com
xəbər verir ki, gələn ilin dövlət büdcəsinin gəlirlərinin 39,25 milyard manat olması proqnozlaşdırılır və bunun da 30,3 faizi və ya 11,9 milyard manatı Neft Fondundan ediləcək transfertin payına düşəcək.
Qeyd edək ki, Neft Fondu yaranandan 2026-cı ilin iyul ayına kimi dövlət büdcəsinə 176,8 milyard manatdan çox vəsait köçürülüb.
2003-cü ildə dövlət büdcəsinin gəlirləri 1 milyard 221 milyon manat təşkil edib. Həmin il Neft Fondundan büdcəyə 100 milyon manat köçürülüb. Bu məbləğ büdcə gəlirlərinin 8,2 faizinə bərabər olub.
Sonrakı illərdə büdcə gəlirləri ilə yanaşı, Neft Fondundan köçürülən vəsaitin həcmi də artıb. 2008-ci ildə transfert 3,8 milyard manata, 2009-cu ildə isə 4,91 milyard manata yüksəlib. 2010-cu ildə bu göstərici 5,91 milyard manata çatıb və həmin il transfertlərin büdcə gəlirlərindəki payı 51,9 faiz təşkil edib.
Neft Fondundan transfertlərin büdcədəki payı 2013-cü ildə ən yüksək səviyyələrdən birinə çatıb. Həmin il dövlət büdcəsinin gəlirləri 19,49 milyard manat, Fonddan köçürülən vəsait isə 11,35 milyard manat olub. Transfertlərin büdcə gəlirlərindəki payı 58,2 faiz təşkil edib.
2014-cü ildən sonra bu göstəricidə azalma müşahidə olunub. 2017-ci ildə transfertlərin büdcə gəlirlərindəki payı 37,1 faizə düşüb. 2021-ci ildə 43 faiz olan göstərici 2022-ci ildə 25,8 faizə qədər azalıb. Həmin il büdcəyə Neft Fondundan 7,92 milyard manat köçürülüb.
Sonrakı illərdə transfertlərin həcmi yenidən artıb. 2023-cü ildə 11,74 milyard manat, 2024-cü ildə 12,78 milyard manat, 2025-ci ildə isə 14,48 milyard manat transfert nəzərdə tutulub. 2025-ci ildə bu vəsaitin büdcə gəlirlərindəki payı 37 faiz təşkil edib.
2026-cı il üçün proqnozlara əsasən, dövlət büdcəsinin gəlirlərinin 38,61 milyard manat, Neft Fondundan transfertin isə 12,84 milyard manat olacağı gözlənilir. Bu, büdcə gəlirlərinin 33,2 faizinin Fondun vəsaiti hesabına formalaşması deməkdir.
2027-ci il üçün isə dövlət büdcəsinin gəlirləri 39,25 milyard manat, Neft Fondundan transfert 11,9 milyard manat səviyyəsində proqnozlaşdırılır. Transfertin büdcə gəlirlərindəki payının 30,3 faizə enəcəyi gözlənilir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top