“Qara dəniz ticarət gəmiçiliyi üçün “ölü zona”ya çevrilə bilər”


Qara dəniz kommersiya gəmiçiliyi üçün dünyanın ən təhlükəli bölgələrindən birinə çevrilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” (FT) dəniz təhlükəsizliyi şirkəti “Ambrey” və Beynəlxalq Dəniz Təşkilatının məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, 2026-cı ilin əvvəlindən Qara dənizdə gəmilərə 570-dən çox hücum qeydə alınıb, nəticədə azı 40 dənizçi həlak olub. Xüsusilə iyul-sentyabr aylarında vəziyyət kəskinləşib. Belə ki, həmin dövrdə 387 gəmiyə hücum edilib ki, bu da əvvəlki rüblə müqayisədə beş dəfədən çoxdur. Üçüncü rübdə Qara dənizdə gündə orta hesabla dörddən artıq gəmi hücuma məruz qalıb.
“Ambrey” şirkətinin məlumatına əsasən, son 45 gündə bu cür hücumların təxminən 90 faizi Rusiyanın payına düşüb.
Qara dənizdə hücumların artması gəmi heyətləri arasında itkilərin çoxalmasına səbəb olub.
Son hücumlardan biri oktyabrın 23-də Rumıniya sahilləri yaxınlığında baş verib. Heyətində ukraynalı və azərbaycanlı dənizçilərin olduğu “Xorıv” adlı yük gəmisi yanğından sonra batıb. Hadisə nəticəsində bir dənizçi ölüb, üç nəfər isə itkin düşüb. Rumıniya prezidenti gəminin Rusiya tərəfindən dronla vurulduğunu iddia edib.
Bundan əvvəl, oktyabrın 6-da Bolqarıstan sahillərində “Alfa Watan” yük gəmisi batıb və 10 dənizçi itkin düşüb. Oktyabrın 13-də isə pilotsuz uçuş aparatının zərbəsindən sonra “HS Dignity” gəmisi Bolqarıstanın eksklüziv iqtisadi zonasında batıb. Bu hadisədə də 11 nəfər itkin düşüb.
Bundan başqa, “Able” və “Chelsea-3” yük gəmiləri zədələnib. Oktyabrın 15-də Rumıniya sahillərində “Wine Trader” və “Yara J” tankerlərində yanğın baş verib. “Wide Trader” adlı gəmi ilə bağlı hadisədə isə yeddi dənizçinin itkin düşdüyü bildirilir.
“Ambrey” şirkətinin baş analitiki Tomaş Aleksanın sözlərinə görə, hücumlar arasında Ukrayna taxılını daşıyan gəmiləri hədəf alan zərbələr də var. Bolqarıstanın gəmiçilik agentliklərindən birinin sahibi Todor Georgiyev isə xəbərdarlıq edib ki, Qara dəniz ticarət gəmiçiliyi üçün “ölü zona”ya çevrilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top