Braziliyada prezident seçkilərində Lula da Silva qalib gəldi


Braziliyada oktyabrın 25-də keçirilən prezident seçkilərinin ikinci turunda solçu Fəhlə Partiyasının namizədi, hazırkı prezident 80 yaşlı Luis İnasio Lula da Silva qalib gəlib.
Yeniavaz.com
xəbər verir ki, rəsmi nəticələrə əsasən, o, səslərin 51,79 faizini, rəqibi, sağçı Liberal Partiyanın namizədi, 45 yaşlı senator Flavio Bolsonaru isə 48,21 faizini toplayıb.
Braziliyanın Ali Seçki Məhkəməsi Lula da Silvanı seçkilərin qalibi elan edib.
Qeyd edək ki, seçkilərin ilk turunda Flavio Bolsonaru 47 faiz səslə birinci, Lula da Silva isə 45 faiz səslə ikinci olmuşdu. Braziliyada ilk dəfədir ki, birinci turun qalibi ikinci turda məğlub olur.
Flavio Bolsonaru məğlubiyyətini qəbul etməyəcəyini bildirib və nəticələrin ləğvi üçün hüquqşünaslarının məhkəməyə müraciət edəcəyini açıqlayıb. O, həbsdə olan keçmiş prezident Jair Bolsonarunun böyük oğludur.
Lula da Silva daha əvvəl 2003–2010-cu illərdə Braziliya prezidenti olub. O, 2022-ci ildə keçirilən seçkilərin ikinci turunda Jair Bolsonarunu məğlub edərək yenidən dövlət başçısı seçilmişdi.
Jair Bolsonaru 2022-ci ildəki məğlubiyyətini açıq şəkildə qəbul etməsə də, Konstitusiyaya hörmət etdiyini bildirmişdi. 2023-cü il yanvarın 8-də onun tərəfdarları seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia edərək Konqresə, prezident sarayına və Ali Məhkəmənin binasına daxil olmuşdular. Hadisələrlə bağlı istintaqdan sonra Jair Bolsonaru dövlət çevrilişinə cəhddə təqsirli bilinərək 2025-ci ilin sentyabrında 27 il müddətinə azadlıqdan məhrum edilib.
Lula da Silvanın qələbəsini artıq Meksika, Panama və Boliviya prezidentləri də təbrik ediblər.

DİGƏR XƏBƏRLƏR

Top