
İnsan yaranan gündən ölümdən xilas olmağa çalışdı. 5 min il əvvəl şumerli Bilqamıs da, Florida bataqlıqlarında dirilik suyunu axtaran ispan səyyahı De Soto da bu qayə uğrunda çarpışdı. Ancaq bütün bunlara baxmayaraq, vaxtı çatanda ölüm qapını döydü…
Həyatda heç bir istisna qəbul etməyən bir şey varsa, o da ölümdür. Ancaq alimlər ölümsüzlük axtarışından əl çəkmək istəmədilər. “Ölümə qalib gələ bilməyənlər”, heç olmasa, insanın ömrünü uzatmağa çalışdılar. 17-ci əsrdə insanların orta yaş həddi 45 il idi. 19-cu əsrdə bu rəqəm 50-yə çatdı. Bu gün isə orta yaş həddi 70-dən çoxdur. Əlbəttə, ilk baxışdan belə görünür ki, insan illər keçdikcə ölümsüzlüyə doğru gedir. Ancaq bu, ilk baxışdan belədir və bu suala müsbət cavab vermək qeyri-mümkündür.
İndiyə qədər məlum olan ən uzun insan ömrü 200 ildir. Digər tərəfdən, dünyanın müxtəlif yerlərində 150-170 il yaşayan insanlar var. Hətta doğulduqları il dəqiq olmadığı üçün bəzi alimlər bu rəqəmlərə şübhə ilə baxırlar. Bütün hallarda bu hədd 150-170 ildən artıq deyil. Ancaq nədənsə, alimlər yenə də təslim olmaq istəmirlər. Onlar bəzi tısbağaların bir neçə əsr yaşadığını, sidr ağacının 4-5 min il ömür sürdüyünü irəli sürərək, uzunömürlülüyün sirrinin çox da uzaqda olmadığını iddia edirlər.
Alimlər, əvvəlcə, yavaş-yavaş qocalmaq ideyasını ortaya atdılar. Onları bu ideyaya sövq edən ayılar idi. Çünki alimlər qış yuxusuna getmiş ayılarda maddələr mübadiləsinin çox yavaş getdiyini müşahidə etmişdilər. Bu hesabla ayılar bir ayda cəmi bir gün qocalırdılar. Deməli, insanlarda da bu metodu tətbiq etmək olardı. Əgər bu ideya həyata keçsə idi, yaxın ulduzlara da adam göndərmək olardı. Beləliklə, 500 il sonra mənzil başına çatan astronavt cəmi 5-10 il qocalacaqdı. Bu ideya insanları donduraraq bir neçə əsr sonra yenidən həyata qaytarmaq ideyasının da başlanğıcı oldu. İlk vaxtlar çox real görünən bu fikir elm aləmində böyük həyəcanla qarşılandı. Çünki müasir tibbin müalicə edə bilmədiyi xəstələri dondurub bir neçə əsr sonra müalicə etmək mümkün idi. Lakin ortaya çıxan problemlər bu nəzəriyyənin də xəyal olduğunu göstərdi.
Bir sözlə, hansı ideya ortaya atılırsa-atılsın, hansı nəzəriyyə irəli sürülürsə-sürülsün, insan ölüm qarşısında acizdir. Bu fani həyatı əbədi həyata dəyişmək üçün isə tək bir yol var. O da insanı Allaha (c.c.) aparan yoldur.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz