Hitlerin istifadə etdiyi tarixi kompleksdə yenidən yanğın olub


Almaniyanın cənubunda yerləşən və Adolf Hitlerin nasist rejimi dövründə istifadə etdiyi “Qartal yuvası” dağ kompleksində bazar günü gecə yenidən yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DPA agentliyi Bavariya polisinin məlumatlarına istinadən xəbər yayıb.
Polis nümayəndəsinin sözlərinə görə, alov yenidən təxminən otaq hündürlüyünə qədər yüksəlib. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürüblər. Hüquq-mühafizə orqanları təkrar yanğının ilkin yanğından sonra qalan közlər səbəbindən baş vermiş ola biləcəyini bildiriblər.
Tarixi binada ilk böyük yanğın cümə günü axşam saatlarında qeydə alınıb. Polis yanğın törətməkdə şübhəli bilinən 33 yaşlı Almaniya vətəndaşını saxlayıb. Prokurorluğun məlumatına görə, ilkin psixiatrik qiymətləndirmə həmin şəxsin psixi xəstəlikdən əziyyət çəkdiyini göstərib.
Yanğın nəticəsində bina ciddi zərər görüb və böyük hissəsi məhv olub. İlkin hesablamalara görə, maddi ziyan bir neçə milyon avro təşkil edir. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın baş verən gün kompleksdəki restoran bağlı olub.
Almaniyada “Kehlsteinhaus” adı ilə tanınan “Qartal yuvası” Obersalzberq dağının zirvəsində, dəniz səviyyəsindən 1800 metrdən çox yüksəklikdə yerləşir. Kompleks 1930-cu illərdə, nasist rejimi dövründə, Hitlerin istifadə etdiyi ərazinin abadlaşdırılması çərçivəsində inşa edilib.
Hitler binaya bir neçə dəfə baş çəkib, burada diplomatları və digər xarici qonaqları qəbul edib. Bununla belə, Berxtesqadenin yerli turizm assosiasiyasının məlumatına görə, kompleksin siyasi əhəmiyyəti böyük olmayıb və əsasən yüksək vəzifəli nasistlərin istirahəti və şəxsi tədbirləri üçün istifadə edilib.
1952-ci ildən binada restoran fəaliyyət göstərir. Hazırda kompleksdə nasist hakimiyyəti dövründə onun tarixindən bəhs edən sərgi də nümayiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top