Barselonada kütləvi iğtişaşlar baş verib: 128 nəfər saxlanılıb


İspaniyanın Barselona şəhərinin mərkəzində sosial şəbəkələr vasitəsilə təşkil olunan gənclər aksiyasından sonra kütləvi iğtişaşlar baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Bildirilib ki, hüquq-mühafizə orqanları ilə toqquşmalarda qara geyimli, kapüşonlu və üzlərini gizlədən gənclər iştirak ediblər. Onlar zibil qutularını yandırıb, barrikadalar qurub, mağazaların vitrinlərini sındırıb və ticarət obyektlərini qarət ediblər.
Kataloniya polisinin son məlumatına görə, hadisələrlə əlaqədar 128 nəfər saxlanılıb, onların 72-si yetkinlik yaşına çatmayanlardır. Toqquşmalar zamanı 15 polis əməkdaşı xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır.
İğtişaşlar oktyabrın 24-ü şənbə günü axşam saatlarında Kataloniya meydanı ərazisində başlayıb. Aksiya Fransada etiraz aksiyalarında iştirak edən məktəblilər hərəkatının nümunəsi əsasında təşkil olunub. İspaniya mediasının məlumatına görə, meydana yüzlərlə gənc toplaşıb.
Polisin müdaxiləsindən sonra iştirakçılar kiçik qruplara bölünərək ətraf küçələrdə qarşıdurmaları davam etdiriblər. İğtişaşlar səbəbindən çoxsaylı mağazalar bağlanıb, şəhər polisi isə Kataloniya meydanına girişi məhdudlaşdırıb. Eyniadlı stansiyadan keçən qatarların hərəkəti də müvəqqəti dayandırılıb.
Kataloniya hökumətinin rəhbəri Salvador İlla etiraz hüququnun demokratik hüquq olduğunu, lakin bunun zorakılığa haqq qazandırmadığını vurğulayıb. Kataloniyanın daxili işlər naziri Nuria Parlona isə baş verənləri mənasız zorakılıq və vandalizm adlandırıb.
Hakimiyyət orqanları iğtişaşların bir neçə həftədir Kataloniya meydanında fəaliyyət göstərən mənzil hüquqlarının müdafiəçilərinin çadır düşərgəsi ilə əlaqəli olmadığını bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top