
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Yaxın Şərqdə təhlükəsizliyi region ölkələrinin özləri təmin etməli, xarici hərbi qüvvələrin mövcudluğu isə sıfıra endirilməlidir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Nazirin sözlərinə görə, xarici qüvvələr ilk növbədə İsrailin təhlükəsizliyini təmin etməyə çalışır, onların regionda mövcudluğu isə qeyri-sabitliyi daha da artırır.
“Biz regionumuzun xarici müdaxilədən azad, öz gücünə əsaslanan sülhə nail olmalı olduğuna inanırıq. Regional təhlükəsizliyin region ölkələrinin öz qüvvələri hesabına təmin edilməsinə yönələn istənilən təşəbbüsü alqışlayırıq”, – deyə Əraqçi vurğulayıb.
Nazir bu fikirləri bazar günü İran Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunda keçirilən mərasimdə səsləndirib. Tədbir İranın Strateji Beynəlxalq Münasibətlər Şurasının keçmiş rəhbəri Kamal Xərrazinin xatirəsinə həsr olunub.
Əraqçi İsraili Yaxın Şərqdə münaqişələrin əsas mənbəyi adlandırıb və İsrail rəsmilərini region ölkələri arasında fikir ayrılıqları və parçalanma yaratmağa çalışmaqda ittiham edib.
Onun fikrincə, son bir ildə baş verən müharibələr Yaxın Şərqin tarixində dönüş nöqtəsinə çevrilib və regionun əvvəlki siyasi quruluşunu dağıdıb.
“Artıq heç nə əvvəlki kimi olmayacaq”, – deyə o bildirib.
Əraqçi əlavə edib ki, region ölkələri bütün xarici hərbi qüvvələrin Yaxın Şərqi tərk etməsinə nail olmağa çalışmalıdır. O, həmin qüvvələrin mövcudluğunu qeyri-sabitlik amili adlandıraraq, onların regiona İsraili müdafiə etmək məqsədilə gəldiyini iddia edib.
Tətbiqimizi yükləyə bilərsiniz