
ABŞ İranın ölkə daxilində və xaricdə amerikalı rəsmilərə qarşı hücumlar hazırlamaq mərhələsinə keçdiyindən ehtiyat edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.
Bildirilib ki, mənbələrin qiymətləndirməsinə görə, Tehran Vaşinqton və İsrailin İrana qarşı yeni genişmiqyaslı zərbələr endirməyə hazırlaşdığını düşünür.
“Qarşılıqlı şübhələrin artması münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsi riskini artırır.
Amerikalı rəsmilər Yaxın Şərqdəki ABŞ səfirlərinin və Birləşmiş Ştatlar ərazisindəki amerikalı nümayəndələrin öldürülməsinə dair İranın mümkün planları ilə bağlı kəşfiyyat məlumatlarına diqqət yetirirlər”, - nəşr yazır.
Qəzetin məlumatına görə, bu cür əməliyyatların hazırlanmasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 840-cı elit bölməsinin iştirakı ola bilər:
“Həmin bölmə əvvəllər xarici ölkələrdə adam oğurluqları və sui-qəsdlərin təşkilində iştirak edib. Bununla belə, İranın qətllər törətmək üçün muzdlu şəxslər cəlb etmək cəhdləri əvvəllər dəfələrlə cinayətlər həyata keçirilməzdən əvvəl ifşa olunub”.
Amerikalı və avropalı rəsmilərin sözlərinə görə, mümkün hücumlarla bağlı məlumatlar son həftələrdə əldə edilib. Bu məlumatların bir qismi Böyük Britaniyada ABŞ silahlı qüvvələrinin istifadə etdiyi hərbi bazaya qarşı ehtimal olunan İran planının üzə çıxarılmasından sonra əldə olunub.
Tətbiqimizi yükləyə bilərsiniz