
Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino mərasimi izləyiblər.
Əvvəlcə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri FIFA prezidenti Canni İnfantino və digər qonaqlar ilə görüşüblər.
Canni İnfantino dövlət başçısına xatirə hədiyyələri təqdim edib.
Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra FIFA U-15 dünya çempionatına və festivalına həsr edilən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifov 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının açılış mərasiminə qatılan qonaqları salamlayıb və Azərbaycanın 189 ölkənin milli komandasını bir araya gətirən bu böyük turnirə ev sahibliyi etdiyini bildirib. Azərbaycanın bu turnirin təşkilində FIFA ilə tərəfdaşlıq etdiyini vurğulayan Samir Şərifov ölkəmizə etimad göstərdiyi üçün ali futbol qurumuna təşəkkürünü bildirib. O, tarixdə ilk dəfə təşkil olunan 15 yaşadək oğlanlar arasında futbol üzrə dünya çempionatının ən qısa müddətdə və yüksək standartlar əsasında keçirilməsini təmin etdiyinə, bu konsepsiyanın reallığa çevrilməsi üçün göstərdiyi liderliyə və qətiyyətli dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
FIFA prezidenti Canni İnfantino çıxışında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatının və festivalının dünyanı birləşdirdiyini vurğulayıb, Bakıda üç mindən çox futbolçunun və rəsmi nümayəndənin turnirdə iştirak etdiyini diqqətə çatdırıb. O, turnirdə iştirak edən 189 komanda ilə yanaşı, könüllülərin və işçilərin yarışın işinə töhfə verəcəklərini deyib. Futbolçulara səslənən FIFA prezidenti onları turnirdən zövq almağa, ədalətli mübarizə aparmağa, rəqiblərinə hörmət göstərməyə və oyun qaydalarına əməl etməyə çağırıb. Canni İnfantino növbəti yeddi gün ərzində dünyanı bir araya gətirdiklərinə görə Prezident İlham Əliyevə və təşkilat komitəsinə təşəkkürünü bildirdi, Azərbaycanla bir yerdə möhtəşəm tarix yazacaqlarını qeyd edib.
Sonra FIFA U-15 dünya çempionatı və festivalı açıq elan edilib.
Daha sonra müxtəlif ölkələri təmsil edən komandaların üzvlərinin təəssüratlarının da yer aldığı videoçarx nümayiş olunub.
Tədbir bədii proqramla davam etdirilib.





















Tətbiqimizi yükləyə bilərsiniz