
Rəssamlıqdan təqaüdə çıxan Uokinq sakini 15 ildir çardağında saxladığı “Pokemon” kart kolleksiyasını hərracda 1,56 milyon funt sterlinqə (təxminən 3,6 milyon manat) satıb.
Yeniavaz.com “The Independent” internet qəzetinə istinadla xəbər verir ki, o, kolleksiyanın qiymətli olduğundan yerli qəzetdə tək bir kartın 6000 funt sterlinqdən baha qiymətə satıldığını oxuyana qədər xəbərsiz olub.
Təqaüdçü rəssam çardağında 1990-cı illərin sonlarında məktəbli oğlu üçün “eBay”dən aldığı bir neçə tam “Pokemon” kart dəsti aşkar edib.
Ümumilikdə 42 dəstdən ibarət kartlar xüsusi qovluqlarda və bağlı vəziyyədə qalıb. Çünki oğlu franşizaya olan marağını tez itirib. Satışı təşkil edən Surreydəki “Ewbank's” hərrac evi bu hərracı Britaniya tarixində ən bahalı ticarət kartı hərracı adlandırıb. Hətta təqaüdçü rəssam 300 funt sterlinqə aldığı dəstlərdən birini 75 000 funt sterlinqə satıb.
Ən bahalı lot, demək olar ki, mükəmməl vəziyyətdə olan Charizard əjdaha kartı ilə birlikdə “Legendary Collection Complete Master Set” dəsti olub. 15-20 min funt sterlinq arasında qiymətləndirilən bu dəst 100 min funt sterlinqə satılıb.
Kolleksiya kartları şöbəsinin rəhbəri Ceyms Spuner bildirib ki, hərrac evi işçiləri 42 təmiz dəsti görəndə gözlərinə inanmayıblar.
Hərracı şəxsən keçirən “Ewbank”ın icraçı direktoru Endryu Yubank təklif verənlərin dünyanın hər yerindən gəldiyini qeyd edib və o, bu həyəcanı nostalgiya ilə əlaqələndirib.
Franşizanın istifadəyə verildiyi vaxt uşaq olan insanlar indi 30-40 yaşlarındadırlar.
Bu sahədə əvvəlki ən yüksək satış oktyabrın 9-da Londonda 872 min funt-sterlinq təşkil edib.
Tətbiqimizi yükləyə bilərsiniz