Uşaqlarda temperaturu necə salmaq olar?


Uşaqlarda yüksək temperatur tez-tez müşahidə edilir. Təbii ki, bu vəziyyət, ilk növbədə, ata-anaları çox qorxudur. Elə isə ən kiçik temperaturda həkimə üz tutmaq nə qədər doğrudur? Ya da hər yarım dərəcəlik temperaturda uşağa dərman vermək nə qədər faydalıdır?
Hər şeydən əvvəl deyək ki, istər böyüklərdə, istərsə də uşaqlarda normal temperatur 36,5-37,5 dərəcədir. Buna görə də, temperaturun ən azı 38 dərəcəyə yüksəlməsi yüksək temperatur kimi qəbul olunur. Digər tərəfdən, temperaturun yüksək olması hələ uşağın xəstəliyinin ciddi olması haqqında bir şey demir. Bu məsələdə daha çox uşağın davranışları fikir deməyə imkan verir. Çünki yüngül infeksiyaya yoluxmuş bir uşağın yüksək temperaturu ola biləcəyi kimi, ağır infeksiyaya yoluxmuş bir uşağın temperaturu olmaya da bilər.
Əslində, temperatur dediyimiz şey orqanizmdəki immunitet sisteminin bir növ cavabıdır. Məqsəd isə orqanizmə daxil olan mikroorqanizmlərin çoxalmasının qarşısını almaqdır. Temperatur 39-40 dərəcədən çox olduqda bədən lazım olandan çox enerji sərf edir. Digər tərəfdən, ürək-damar və tənəffüs sistemləri də əvvəlki ilə müqayisədə daha sürətlə işləyir. Nəticədə, əllərə və ayaqlara az, beyinə və ürəyə isə çox qan gedir. Bu da əllərin və ayaqların soyumasına, orqanizmin isə “qızmasına” (yüksək temperatur) səbəb olur.
Qısamüddətli temperatur əsasən yuxarı tənəffüs yolu və ya sidik yolu infeksiyalarından, uzunmüddətli temperatur isə oynaq və əzələ iltihablarından xəbər verir. Səbəbi məlum olmayan və uzun müddət davam edən yüksək temperatur isə tuberkulyoz və bruselyoz kimi xəstəlikləri ağlımıza gətirir. Təbii ki, bu siyahıya pnevmoniya və meningit kimi xəstəlikləri də daxil etmək olar.
Temperaturla yanaşı, uşaqlarda ən çox müşahidə edilən əlamətlər ifrat dərəcədə narahatlıq və əsəbilik, mütəmadi yuxu vəziyyəti və öksürək, həmçinin, davam edən sinə xırıltısı və bədəndə səpkilərdir. Əgər uşağınızda bu əlamətlər varsa və uşağınızın temperaturu düşmürsə, mütləq bir həkimə müraciət edin.

Diqqət, diqqət, yenə də diqqət!
1. Temperaturu olan uşağın üstünü örtmək doğru deyil. Çünki bu, uşaqda ürək sıxılmasına gətirib çıxara bilər. Ən yaxşısı, uşağın üstünü örtmək yox, otağın temperaturunu aşağı salmaqdır.
2. 38-38,5 dərəcə temperatur normal qəbul edilir. Ancaq uşağınızın temperaturu 39 dərəcəyə çatarsa, üstəlik öskürək, qusma və ishalla müşayiət olunarsa, mütləq həkimə müraciət edin.
3. Uşağın alnına sirkəli su qoymaq da doğru deyil. Unutmayın ki, bu, uşağın temperaturunun düşməsini asanlaşdırmır, əksinə çətinləşdirir.
4. Başqa bir səhv isə uşağın bədəninə sirkə sürtməkdir. Bu, ilk mərhələdə temperaturun aşağı düşməsinə səbəb olsa da, sonrakı mərhələdə temperaturun yüksəlməsinə səbəb olur.
5. Uşağınızın temperaturu 39 dərəcəyə yaxınlaşarsa, bunun üçün nəzərdə tutulan fitillərdən istifadə edin.
6. Uşağın bədəninə buz sürtmək də doğru deyil. Bu, uşaqda titrətməyə səbəb ola bilər. Titrətmə isə temperaturun yenidən yüksəlməsi deməkdir.
7. Temperatura müdaxilə edərkən uşağın ağlamasına imkan verməyin. Çünki bu, uşaqda temperaturun daha da yüksəlməsinə səbəb ola bilər.
8. Uşağa çoxlu su verməklə də temperaturun aşağı düşməsinə kömək edə bilərsiniz.
9. Əgər uşağın temperaturu yüksəkdirsə, ilıq duşdan istifadə etmək (əlbəttə ki, başını islatmamaq şərti ilə), ya da uşağın qasıq nahiyəsini, qoltuq altını və alnını ilıq parça ilə silmək olar.
10. Temperaturun müəyyən dərəcələrində orqanizmin müdafiə mexanizmini işə salmasına imkan verin. Başqa sözlə, hər yarım dərəcəlik temperaturda temperatur əleyhinə dərmandan istifadə etməyin.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top