
Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın birinci yarısında üçtərəfli danışıqların planlaşdırıldığını təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə Vaşınqtonunu Hadson İnstitutunda keçirilən onlayn çıxışında elan edib.
Zelenski ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə telefon danışığı apardığını və Norveçdəki görüşlərinin nəticələrini müzakirə etdiklərini bildirib.
“Noyabr ayında Ukrayna, ABŞ və Rusiya arasında komanda səviyyəsində üçtərəfli görüş keçirmək barədə razılığa gəlmişik və ümid edirik ki, bu, baş tutacaq. Plan noyabrın birinci yarısında, mümkün qədər tez görüşməkdir, amma biz istənilən gün, hətta sabah belə görüşməyə hazırıq. Lakin hər şey ruslardan asılıdır”, - Ukrayna prezidenti qeyd edib.
Digər tərəfdən o, əlavə edib ki, Ukrayna üçtərəfli danışıqları oktyabr ayında gözləyirdi.
“Amma bu baş tutmadı, çünki ruslar imtina etmək üçün daha bir bəhanə tapdılar. İndi hamımız bu görüşlərin keçirilməsinə diqqət yetirməliyik. Əlbəttə ki, birlikdə - Amerika, Avropa və digər tərəfdaşlarımızla. Bu görüşlər vacibdir və irəliləmək üçün diplomatiyaya ehtiyacımız var”, - deyə o bildirib.
Zelenski həmçinin əlavə edib ki, Avropa da bu dialoqun bir hissəsi olmalıdır.
“Bundan əlavə, əsas məsələlər yalnız ən yüksək səviyyədə həll edilə biləcəyi üçün texniki səviyyədəki danışıqlardan liderlərin görüşünə keçməliyik”, - Zelenski yekunlaşdırıb.
Tətbiqimizi yükləyə bilərsiniz