Bəzi uşaqlar ailə diqqətindən kənarda qalır. Ekspertlərin fikrincə, uşağın həyata baxış bucağı həm də ailənin təsiri əsasında formalaşır. Bəs övladları necə böyütmək lazımdır ki, nə şiş yansın, nə kabab?

"Ailədən asılı olan oğlan uşaqları özü ayağı dura bilməyən fiqur kimidir"
Azərbaycan ailəsi infantiv (yaşca böyümüş, ruhən uşaq kimi qalan insan) övlad yetişdirir. Bunu "Yeniavaz.com"a tanınmış uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl dedi. Onun sözlərinə görə, psixoloji-sosial araşdırmalar təsdiqləyir ki, oğlan uşaqlarının böyüdülməsində problemlər var: "Azərbaycanda əksər ailələlər uşaqlarını qayğı ilə böyüdürlər. Və bu qayğı azad və sərbəst düşünən, öz ayaqları üstündə dura bilmək prosesini çətinləşdirən haldır. Biz xüsusən, oğlan uşaqlarına daha çox diqqət edirik. Faktlar onu göstərir ki, Azərbaycan da selektiv(seçici) abort tətbiq olunan ölkələrdən biridir. Araşdırma və statistikadan məlum olur ki, ailələr ultrasəs həkiminə müraciət edərək hamiləlikdə uşağın cinsini yoxlayırlar. Yəni uşağın cinsi əsasında qərar verirlər. Əgər qız uşağıdırsa, hamiləliyi bitirmək tendensiyası daha güclüdür. Hamıda belə deyil, amma cəmiyyət arasında bu hallar çoxdur. Nəticə onu göstərir ki, Azərbaycan oğlan uşaqlarına qarşı daha həssasdır. Həqiqətən də oğlan uşaqlarının yetişdirilməsinə daha çox qayğı görürük. Belə uşaqları bütün həyat qayğılarından azad etmək, nazını çəkmək, bir şəkildə ailəyə bağlı yetişdirmək, bütün həyati qərarlarına qərar vermək, təhsilindən tutmuş, ailə həyatı qurmasına qədər - hamısını etmək uşağın gələcək həyatında uğursuzluqla nəticələnə bilər. Yəni, ailədən asılı olan oğlan uşaqları cəmiyyət üçün öz ayağı üstə dura bilməyən fiqur kimi formalaşırlar. Əlbəttə ki, ailə quranda da, iş seçimində də öz ailəsinin təsiri altında qalırlar. Məncə, Azərbaycanda gənc ailələrin problemi oğlanın ailəsinin müdaxiləsindən ibarətdir. Doğrudur, qızın ailəsi də çox vaxt müdaxilə edir. Yəni qızın da ailəsi azərbaycanlıdır və eyni şeyi düşünürlər".

"Azərbaycan ailələrində böyüyən uşaqların yeniyetməlik dövrləri çox ağır keçir"
Sosioloq Cavid İmamoğlu isə sualımızı belə şərh etdi: "Orta statistik Azərbaycan ailəsində uşaqların tərbiyəsi mental dəyərlər üzərindən aparılır - oğlan və qız uşaqlarının tərbiyəsində gender əsaslı fərqlər ortaya çıxır. Bu fərqlər uşaqların dünyaya gəlmədən öncə özünü göstərir. Ana bətnində olan oğlan uşağına görə ailənin sevinməsi, qız uşağına görə kədərlərnməsi prosesi hələ də yaşanmaqdadır. Ümümilikdə götürsək, Azərbaycan ailələrində böyüyən uşaqların yeniyetməlik dövrləri çox ağır keçir. Ona görə ki, bir çox məsələlərə görə uşaqlar ailədən tam asılı vəziyyətdə olurlar. Bura maddiyyat və qərar məsələləri daxildir. Bir çox hallarda ailə yeniyetməninin aqressiyasını anlaya bilmir. Bu halda da ailə üzvləri ilə, övladlar arasında kəskin uçurum yaranır, funksionallıq pozulur. Bir çox hallarda uşaqlar da artıq bezib digər asıllıq yaradacaq işlərə alüdə olurlar. Məsələn, qumar, narkotik, spirtli içkilərə alüdəçilik və s. Təbii ki, bu birmənalı şəkildə deyil, bunun əksi də ola bilir, yəni düzgün tərbiyə, düzgün yanaşmalar olur ailələr daxilində".
.gif)
"Şəxsiyyətində problem olan uşağı cəmiyyətə buraxmaq qorxuludur"
Psixoloq Fərqanə Mehmanqızı dedi ki, baxmaq lazımdır ki, uşaq hansı ailədə böyüyür: "Əsasən, oğlan uşaqlarının tərbiyəsi, qız uşaqlarının tərbiyəsindən çox fərqlənir. Bu gün oğlan uşaqları ya kompleksli böyüyürlər, ya da həddən artıq azad böyüyürlər. Bu iki hal həddini aşdığı üçün faciə ilə nəticələnir. Şəxsiyyətində problem olan uşağı cəmiyyətə buraxmaq qorxuludur. Çox qorunan uşaqlar kompleksli olurlar, özgüvənləri olmur. Bu da cəmiyyətdə problemə gətirib çıxarır. Özgüvənsiz insanların eqoları zəif olduğuna görə, onların cəmiyyətdə özünütəsdiqə ehtiyacları olsa da bunu etmirlər. Bu da melanxolikliyə (bədbinliyə) gətirib çıxarır. Melanxolik olan oğlan uşaqları suisidliyə (intihar) meyilli olurlar. Həddən artıq azad, həddən artıq rahat böyüdülmüş uşaqlarda isə yüksək eqo olur. Eqo da insanların özlərinə olan nəzarəti itirir. Həddindən artıq eqoist adını verdiyimiz oğlan uşaqları ətrafında olan qadınlara qarşı kobud davranırlar. Hətta boşanmalara qədər gəlib çıxır. Melanxolik kişilərlə yaşamaq istəməyən qadın, boşanmağı üstün tutur. Qadınlar da daha çox güclü kişiyə özlərini etibar edirlər. Əgər qadın ailədə olan və ya gələcəkdə ortaya çıxacaq problemi özü həll edəcəksə, o zaman neyləyir kişini? Həddindən artıq depressiya yaşayan, ancaq "mən" deyən kişilər qadınlar üçün təhlükəlidir".
Ruzbeh Məmməd
Tətbiqimizi yükləyə bilərsiniz