
Azərbaycanda 2022–2025-ci illər ərzində bəzi ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlsə də, bir sıra məhsullarda azalma qeydə alınıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ən böyük artım makaron məmulatları və düyü, ən ciddi geriləmə isə bitki yağları və mal əti üzrə müşahidə olunub.
2022-ci ildə 66,7 faiz təşkil edən bitki yağları ilə özünütəminetmə səviyyəsi 2025-ci ildə 52,4 faizə düşüb. Bu, 14,3 faiz bəndi azalma deməkdir.
Mal əti üzrə özünütəminetmə səviyyəsi isə 93 faizdən 83,7 faizə enib. Beləliklə, üç il ərzində 9,3 faiz bəndi azalma qeydə alınıb.
Qoz və fındıq üzrə göstərici 137 faizdən 127,1 faizə, duz üzrə 117,2 faizdən 104,8 faizə, çay üzrə isə 91,1 faizdən 85,7 faizə düşüb.
Süd və süd məhsulları üzrə özünütəminetmə səviyyəsi 83,3 faizdən 81 faizə, pendir üzrə 87,9 faizdən 83,9 faizə, meyvə və tərəvəz konservləri üzrə isə 88,9 faizdən 85,3 faizə enib.
Qoyun və keçi əti üzrə özünütəminetmə səviyyəsi 97 faizdən 94,2 faizə, buğda üzrə isə 56,7 faizdən 55,4 faizə düşüb.
Özünütəminetmə ən çox hansı məhsullar üzrə artıb?
2022–2025-ci illərdə özünütəminetmə səviyyəsinin ən çox artdığı məhsullar makaron məmulatları və düyü olub. Makaron məmulatları üzrə göstərici 64,3 faizdən 89,8 faizə yüksəlib. Bu, 25,5 faiz bəndi artım deməkdir.
Düyü üzrə özünütəminetmə səviyyəsi 17,6 faizdən 27,9 faizə çatıb. Artım 10,3 faiz bəndi təşkil edib. Bununla belə, düyüyə olan tələbatın böyük hissəsi hələ də daxili istehsal hesabına ödənilmir.
Yumurta üzrə göstərici 100,5 faizdən 104 faizə, quş əti üzrə 78,5 faizdən 81,9 faizə, kartof üzrə isə 89 faizdən 91,3 faizə yüksəlib.
Un üzrə özünütəminetmə səviyyəsi 93,3 faizdən 95,3 faizə çatıb. Bostan məhsulları üzrə göstərici 103,2 faizdən 103,8 faizə, tərəvəz üzrə isə 106,8 faizdən 107,2 faizə yüksəlib.
Xaricdən ən çox hansı ərzaq məhsullarından asılıyıq?
2025-ci il üçün göstərilən xaricdən asılılıq səviyyəsinə əsasən, ən yüksək göstəricilər donuz əti, düyü, bitki yağları və buğda üzrə qeydə alınıb.
Donuz əti üzrə xaricdən asılılıq 95,6 faiz, düyü üzrə 72,1 faiz təşkil edib. Bitki yağlarında bu göstərici 47,6 faiz, buğdada isə 44,6 faiz olub.
Kərə yağı üzrə xaricdən asılılıq 38 faiz, süd və süd məhsulları üzrə 19 faiz, balıq və balıq məhsulları üzrə 18,9 faiz, quş əti üzrə 18,1 faiz təşkil edib.
Mal əti üzrə göstərici 16,3 faiz, pendir üzrə 16,1 faiz, meyvə və tərəvəz konservləri üzrə 14,7 faiz, çay üzrə isə 14,3 faiz olub.
Hansı məhsullarla özümüzü tam təmin edə bilirik?
Ötən il özünütəminetmə səviyyəsi 100 faizdən yüksək olan, yəni xaricdən asılı olmadığımız məhsullar da olub. Bunlar qoz və fındıq, duz, yumurta, tərəvəz, bostan məhsulları və şəkərdir.

Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz