
Qadınlar arasında ilk Klublararası Dünya Kuboku ABŞ-da keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, turnir 2028-ci il yanvarın 5-dən 30-dək keçiriləcək.
FIFA qərarın ABŞ-nin beynəlxalq turnirlərin təşkili sahəsində təcrübəsi, inkişaf etmiş infrastrukturu və ölkədə qadın futboluna maraq nəzərə alınaraq qəbul edildiyini bildirib.
Turnirdə iştirak edəcək klublar dördillik təsnifat dövründə, yəni 2024 və 2027-ci illərdə başa çatan mövsümlər ərzində öz konfederasiyalarının əsas klub yarışlarında göstərdikləri nəticələrə əsasən müəyyənləşdiriləcək.
Avropanı turnirin final mərhələsində beş klub birbaşa təmsil edəcək. Daha bir Avropa klubu isə final mərhələsinə vəsiqə qazanmaq üçün pley-in mərhələsində mübarizə aparacaq. Asiya Futbol Konfederasiyası (AFC), Afrika Futbol Konfederasiyası (CAF), Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF), eləcə də Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) hər birinə iki birbaşa və bir pley-in vəsiqəsi ayrılacaq. Okeaniya Futbol Konfederasiyası (OFC) isə bir pley-in vəsiqəsi qazanacaq.
Üç pley-in mərhələsinin qalibi qrup mərhələsindəki 13 komandaya qoşulacaq.
Klublararası Dünya Kuboku hər dörd ildən bir keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz