Putinin Trampın nümayəndəsi ilə 3 saatlıq görüşü başa çatdı – Yenilənib


Rusiya Prezidenti Vladimir Putinlə ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında keçirilən görüş başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Görüş başa çatıb”, – deyə Peskov bildirib.
Qeyd olunub ki, görüş Moskva vaxtı ilə saat 11:55 (Bakı vaxtı ilə 12:55) radələrində başlayıb və təxminən üç saat davam edib.
“Tərəflər görüş zamanı Ukrayna münaqişəsinin nizamlanması məsələləri də daxil olmaqla, bir sıra mövzuları müzakirə ediblər.
Putin Ukraynadakı böhranla bağlı məsələlərə göstərdiyi diqqətə görə həmsöhbətinə, eləcə də ABŞ Prezidenti Donald Trampa təşəkkür edib. O, həmçinin humanitar məsələlərin həllinə verdiyi töhfəyə görə ABŞ-nin birinci xanımı Melaniya Trampa minnətdarlığını çatdırmağı xahiş edib.
Bundan başqa, Putinin Trampla Çində mümkün görüşünə dair bəzi təkliflər müzakirə olunub. Fars körfəzindəki vəziyyət və dizel yanacağı ilə bağlı sövdələşmə də danışıqların mövzuları arasında olub.
Söhbət zamanı Rusiya Prezidentinin ABŞ vətəndaşı Stiven Habardı azad etmək qərarı da diqqətdən kənarda qalmayıb”, - TASS yazır.

***13:37
Rusiyanın Sankt-Peterburq şəhərindəki Konstantin sarayında Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff arasında görüş başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Məlumata görə, görüşdə Rusiyanın xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev də iştirak edir.
Qeyd edək ki, Dmitriyev çərşənbə günü Sankt-Peterburqun “Pulkovo-3” hava limanında Uitkoffu qarşılayıb. ABŞ nümayəndəsi Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra Oslodan Sankt-Peterburqa gəlib.
“İnterfaks”ın məlumatına əsasən, ABŞ Prezidenti Donald Trampın digər nümayəndəsi Cared Kuşner səhhətində yaranan narahatlıq səbəbindən Sankt-Peterburqa gələ bilməyib. O, bir gün əvvəl Uitkoffun Zelenski ilə apardığı danışıqlara videobağlantı vasitəsilə qatılıb.

DİGƏR XƏBƏRLƏR

Top