“Evdə Tək 2” filmi ilə məşhurlaşan otel 4 illik bağlanır


Dünyanın ən məşhur otellərindən biri hesab edilən ABŞ-nin Nyu-York şəhərindəki “The Plaza Hotel” genişmiqyaslı bərpa işləri ilə əlaqədar fəaliyyətini dayandırmağa hazırlaşır.
Yeniavaz.com
“The Washington Post” qəzetinə istinadla xəbər verir ki, 282 qonaq otağı olan tarixi otelin təxminən 4 il ərzində qonaqları qəbul etməyəcəyi gözlənilir.
Otelin idarəçisi olan “Fairmont Hotels Resorts” şirkətinin rəsmi açıqlamasına görə, 119 yaşlı tarixi binanın xarici görünüşünün əsaslı şəkildə bərpası və təmizlənməsi planlaşdırılır.
Layihənin çox mürəkkəb olması, tikinti səs-küyü və işlərin otelin gündəlik fəaliyyətinə ciddi maneə törətməsi səbəbindən tamamilə bağlanması qərarına gəlinib.
Binanın daxilində yerləşən digər şəxsi sahələrin isə təmirdən necə təsirlənəcəyi məlum deyil.
1992-ci ildə ekranlara çıxan “Evdə tək 2” filmində baş qəhrəman Kevin Makkallisterin qaldığı otel kimi məşhurlaşan tikilinin bərpa işlərinin 2031-ci ilə qədər davam etməsi proqnozlaşdırılır.
Mövcud qərara əsasən, otelin qonaqlarını qəbul etmək üçün son tarixin 2027-ci ilin 19 yanvar olduğu açıqlanıb.
Bildirilib ki, oteldə çalışan işçilər bərpa işləri başa çatdıqdan sonra mövcud maaşları ilə işlərinə qayıtmaq hüquqlarını qoruyacaqlar.
Qeyd edək ki, illərdir məşhur sənətçilərə, siyasətçilərə və iş adamlarına ev sahibliyi edən oteldə toy mərasimləri və dəbdəbəli tədbirlər də keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top