
İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkilərində nə hakimiyyət, nə də müxalifət blokunun qələbə qazanacağına dair aydın mənzərə yoxdur.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Əl-Cəzirə”nin təhlilində yer alıb.
Maraqlı olacağını nəzərə alaraq həmin təhlili təqdim edirik:
“Baş nazir Benyamin Netanyahu yenidən vəzifəsində qalmağa çalışır. Lakin seçkilərin nəticəsini kiçik partiyaların mövqeyi, ərəb siyasi qüvvələrinin əldə edəcəyi səslər və koalisiya danışıqları müəyyən edə bilər.
İsraildə oktyabrın 27-də parlament seçkiləri keçiriləcək. 2019-cu ildən bəri altıncı dəfə keçirilən bu seçkilər ölkənin siyasi gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Seçkilərdə parlamentin – Knessetin 120 üzvü müəyyənləşəcək.
Seçkilər İsraildə Qəzza zolağında müharibədən, Livan və İranla qarşıdurmalardan sonra keçirilən ilk ümumxalq səsverməsidir. Bu səbəbdən təhlükəsizlik məsələləri, hökumətin müharibə dövründəki qərarları və ölkədəki iqtisadi vəziyyət seçicilərin əsas diqqət mərkəzində olacaq.
İsrail tarixində ən uzun müddət baş nazir vəzifəsində çalışan Benyamin Netanyahu hakimiyyətini qorumağa çalışır. O, müxtəlif dövrlərdə ümumilikdə 19 il hökumətə rəhbərlik edib. Hazırda onun rəhbərlik etdiyi “Likud” partiyası və sağçı müttəfiqləri müxalifət qüvvələri ilə rəqabət aparır.
Ancaq rəy sorğuları tərəflərdən heç birinin parlamentdə hökumət qurmaq üçün lazım olan çoxluğu asanlıqla əldə edə bilməyəcəyini göstərir. Bu isə seçkilərdən sonra uzunmüddətli siyasi danışıqların aparılması ehtimalını artırır.
İsraildə seçki sistemi necə işləyir?
İsraildə seçicilər parlament seçkilərində konkret namizədə deyil, siyasi partiyaya səs verirlər. Ölkənin parlamenti 120 deputatdan ibarətdir. Hökuməti formalaşdırmaq üçün isə ən azı 61 deputatın dəstəyi lazımdır.
İsrailin seçki sistemində əsas xüsusiyyətlərdən biri parlamentdə ən çox yer qazanan partiyanın avtomatik olaraq hökuməti formalaşdırmamasıdır. Bunun üçün partiyalar arasında razılaşma əldə olunmalı və koalisiya yaradılmalıdır.
Məsələn, bir partiya seçkilərdə ən çox səs toplasa da, digər partiyalarla razılığa gələ bilməzsə, hökumət qurmaq imkanını itirə bilər. Əksinə, daha az səs toplamış partiyalar birləşərək parlament çoxluğunu təmin edə bilərlər.
Seçkilərdə iştirak edən partiyalar ölkə üzrə səslərin ən azı 3,25 faizini toplamalıdırlar. Bu həddi keçə bilməyən partiyalar parlamentə daxil ola bilmirlər. Onlara verilən səslər də parlamentdə yerlərin bölüşdürülməsi zamanı nəzərə alınmır.
Bu qayda kiçik partiyalar üçün ciddi maneə yaradır. Buna görə də seçkilərdən əvvəl bəzi siyasi qüvvələr başqa partiyalarla birləşməyə və ya ortaq siyahı ilə iştirak etməyə üstünlük verirlər.
Seçkilərdən sonra hökumətin formalaşdırılması üçün siyasi partiyalara 28 gün vaxt verilir. Zərurət yaranarsa, bu müddət daha 14 gün uzadıla bilər. Heç bir siyasi qüvvə parlamentdə çoxluq yarada bilməsə, ölkədə yenidən seçkilərin keçirilməsi gündəmə gələ bilər.
İsraildə seçkilərdə iştirak etmək hüququ olan 18 yaşdan yuxarı vətəndaşların sayı təxminən 7,3 milyondur.
Kimlər səs verə bilir, kimlər bu hüquqdan məhrumdur?
İsraildə keçiriləcək seçkilərlə bağlı əsas mübahisəli məsələlərdən biri də səsvermə hüququnun kimlərə şamil olunmasıdır.
Rəsmi məlumatlara görə, təxminən 7,3 milyon İsrail vətəndaşı seçkilərdə iştirak edə bilər. Bu şəxslər arasında yəhudi və ərəb əsilli İsrail vətəndaşları da var. İsraildə yaşayan təxminən 1,2 milyon fələstinli ərəb vətəndaş da səsvermə hüququna malikdir.
Bununla yanaşı, İsrailin işğalı altında olan İordan çayının qərb sahilində və Şərqi Qüdsdə yaşayan 750 mindən çox israilli köçkün də seçkilərdə iştirak edə bilir. Onlar İsrail parlamentinin formalaşmasına təsir göstərirlər.
Lakin həmin ərazilərdə yaşayan fələstinlilərin böyük əksəriyyəti İsrail parlamentinə seçkilərdə səs verə bilmir. Məlumata görə, Qəzza zolağında, İordan çayının qərb sahilində və Şərqi Qüdsdə yaşayan təxminən 3 milyon yetkin fələstinlinin İsrail hökumətini müəyyənləşdirən seçkilərdə iştirak etmək hüququ yoxdur.
Bu vəziyyət ciddi fərq yaradır. Belə ki, işğal altındakı İordan çayının qərb sahilində israilli köçkünlər parlament seçkilərində iştirak etdiyi halda, yaxın ərazidə yaşayan fələstinlilər eyni hüquqa malik deyillər.
Şərqi Qüdsdə yaşayan fələstinlilərin əksəriyyəti İsrail vətəndaşlığı deyil, daimi yaşayış statusu daşıyır. Buna görə də onlar İsrail parlamentinə seçkilərdə iştirak edə bilmirlər. Bununla belə, müəyyən şərtlər daxilində Qüds şəhər şurasına keçirilən seçkilərdə səs vermək imkanları var.
Xaricdə yaşayan İsrail vətəndaşlarının da əksəriyyəti parlament seçkilərində iştirak edə bilmir. Çünki ölkədə ümumi qaydada xaricdən səsvermə sistemi yoxdur və seçicilər səs vermək üçün seçki günü İsrail ərazisində olmalıdırlar. Diplomatlar və dövlətin xaricdəki rəsmi nümayəndələri isə bu qaydadan istisna təşkil edir.
Seçkilərin nəticəsinə təsir edəcək əsas məsələlər nələrdir?
İsraildə seçkilərin nəticəsinə təsir edə biləcək məsələlər yalnız siyasi partiyalar arasındakı rəqabətlə məhdudlaşmır. Ölkənin təhlükəsizliyi, Qəzza müharibəsi, məhkəmə sistemi, hərbi xidmət və yaşayış xərcləri də seçicilərin qərarında mühüm rol oynayır.
Əsas mələlərdən biri 7 oktyabr 2023-cü il hadisələri və təhlükəsizlik məsələləridir. Həmin gün HƏMAS-ın rəhbərlik etdiyi hücum zamanı İsraildə təxminən 1 200 nəfər öldürülüb, 250-yə yaxın insan girov götürülüb. Bundan sonra İsrail Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.
İsrailin Qəzzada apardığı müharibə nəticəsində ən azı 74 min fələstinlinin öldürüldüyü və ərazinin böyük hissəsinin dağıntılara məruz qaldığı bildirilir.
Hadisələrdən üç il keçməsinə baxmayaraq, 7 oktyabr hücumunun qarşısını almaqda yol verilən təhlükəsizlik səhvlərini araşdırmaq üçün dövlət komissiyası yaradılmayıb. Bu məsələ hökumətə qarşı tənqidlərin əsas istiqamətlərindən biridir.
Seçkilərdə Netanyahu hökumətinin təhlükəsizlik sahəsindəki qərarları və baş verən hadisələrə görə məsuliyyəti də müzakirə mövzusu olacaq.
Hərbi xidmət və ultraortodoks yəhudilərə verilən güzəştlər
İsraildə digər mühüm məsələ ultraortodoks yəhudilərin hərbi xidmətə çağırışdan azad edilməsi ilə bağlı mübahisələrdir.
Bu güzəştləri dəstəkləyənlər onların dini təhsilin və Tövratın öyrənilməsinin qorunması üçün vacib olduğunu bildirirlər. Əleyhdarlar isə belə bir yanaşmanın hərbi xidmət yükünü digər vətəndaşların üzərinə daha çox qoyduğunu düşünürlər.
Məsələ hökumətin müttəfiqi olan ultraortodoks partiyalar üçün də xüsusi əhəmiyyət daşıyır. Bu partiyaların gələcək koalisiyada iştirakı hərbi xidmətlə bağlı qərarların qəbuluna təsir göstərə bilər.
İsrail cəmiyyətində uzun müddətdir müzakirə olunan məsələlərdən biri də məhkəmə sisteminin səlahiyyətlərinin dəyişdirilməsidir.
Netanyahu hökumətinin Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdırmağa yönələn təşəbbüsləri əvvəllər ölkədə kütləvi etirazlara səbəb olub.
İslahatların tərəfdarları məhkəmə hakimiyyətinin həddindən artıq geniş səlahiyyətlərə malik olduğunu iddia edirlər. Əleyhdarları isə bu addımların demokratik institutların müstəqilliyinə zərər verə biləcəyini bildirirlər. Bu mübahisə seçkilərdə də siyasi qüvvələrin mövqelərini fərqləndirən əsas məsələlərdən biri olaraq qalır.
Bunlardan başqa İsrail cəmiyyətində təhlükəsizliyin təmin olunması ilə bağlı narahatlıqlar davam edir. Bununla yanaşı, seçicilər Qəzza, İordan çayının qərb sahilindəki vəziyyət və Livan istiqamətində mümkün güzəştlərə fərqli yanaşırlar.
Netanyahu HƏMAS üzərində tam qələbə vəd etsə də, HƏMAS və “Hizbullah”ın fəaliyyəti davam edir. Bu səbəbdən seçkilərdə hökumətin hərbi strategiyası, müharibələrin nəticələri və gələcək təhlükəsizlik siyasəti əsas müzakirə mövzularından olacaq.
Seçicilərin gündəlik həyatına təsir edən ən mühüm məsələlərdən biri də yaşayış xərclərinin artmasıdır. Yüksək qiymətlər və maaşların bu artımı tam kompensasiya etməməsi əhalinin narazılığına səbəb olur.
Müharibələr nəticəsində müdafiə xərclərinin artması da dövlət büdcəsinə əlavə yük yaradır. Təqdim edilən məlumata görə, İsrailin müdafiə büdcəsi 2023-cü ildən bəri iki dəfə artıb.
Bu vəziyyət hökumətin sosial xərclər, iqtisadi inkişaf və təhlükəsizlik arasında necə tarazlıq quracağı məsələsini ön plana çıxarır.
Netanyahu və müxalifətin əsas namizədləri kimlərdir?
Seçkilərdə əsas mübarizə Benyamin Netanyahunun rəhbərlik etdiyi sağçı siyasi qüvvələrlə yəhudi partiyalarının üstünlük təşkil etdiyi müxalifət bloku arasında gedir.
Netanyahu İsrailin ən uzun müddət baş nazir olmuş siyasətçisidir. O, 1996–1999-cu illərdə, 2009–2021-ci illərdə və 2022-ci ildən etibarən hökumətə rəhbərlik edib.
Bununla yanaşı, Netanyahu korrupsiya ittihamları üzrə məhkəmə qarşısına çıxır. Məhkəmə prosesi seçki kampaniyasında onun siyasi gələcəyi ilə bağlı müzakirələrə təsir edən amillərdən biridir.
Müxalifət düşərgəsində isə keçmiş ordu qərargah rəisi Qadi Ayzenkot diqqət çəkən namizədlərdən biridir. Onun yaratdığı “Yəşar” partiyası rəy sorğularında Netanyahunun “Likud” partiyası ilə təxminən eyni səviyyədə göstərilir.
Müxalifətin digər əsas siyasi qüvvələri arasında keçmiş baş nazirlər Naftali Bennett və Yair Lapidin rəhbərlik etdiyi “Birlikdə” siyahısı, Aviqdor Libermanın “Yisrael Beyteynu” partiyası və Yair Qolanın rəhbərlik etdiyi demokratlar da var.
Müxalifət partiyalarının rəhbərləri seçkilər ərəfəsində bir-birlərinə qarşı hücumları məhdudlaşdırmaq və səsvermədən sonra hökumət qurmaq üçün əməkdaşlıq etmək barədə razılaşma əldə ediblər. Bu addım onların Netanyahuya qarşı vahid mövqe nümayiş etdirmək cəhdi kimi qiymətləndirilir.
Bununla belə, müxalifət düşərgəsinin daxilində də fərqli siyasi mövqelər mövcuddur. Xüsusilə ərəb partiyaları ilə əməkdaşlıq məsələsi gələcək hökumətin formalaşdırılmasında mühüm rol oynaya bilər.
Ərəb partiyaları seçkilərin taleyini həll edə bilərmi?
İsraildə seçkilərin nəticəsinə təsir göstərə biləcək əsas qüvvələrdən biri ərəb seçicilərin dəstəklədiyi partiyalardır.
Bu partiyaların parlamentdə qazanacağı yerlər, heç bir əsas blokun 61 mandat əldə edə bilmədiyi halda, xüsusi əhəmiyyət daşıya bilər. Belə vəziyyətdə ərəb partiyalarının mövqeyi hökumətin formalaşdırılmasına təsir göstərə bilər.
Sentyabrda İsrailin Mərkəzi Seçki Komissiyası “Raam” partiyasının və “Birgə Siyahı”nın seçkilərdən kənarlaşdırılması barədə qərar qəbul edib. Lakin Ali Məhkəmə oktyabrın 2-də bu qərarı ləğv edib. Məhkəmə qadağa üçün təqdim edilən sübutların qanunla tələb olunan həddə çatmadığı qənaətinə gəlib.
“Birgə Siyahı”ya daxil olan partiyalardan biri olan “Balad”ın rəhbəri Sami Əbu Şəhədə isə məhkəmənin onun namizədliyinin ləğvini dəstəkləyəcəyinə dair mövqeyindən sonra seçki yarışından çəkilib.
Bununla belə, ərəb partiyalarının seçkidən sonra parlamentdə həlledici mövqeyə sahib olması mümkündür. Əsas problem isə yəhudi partiyalarının üstünlük təşkil etdiyi müxalifət blokunun rəhbərlərinin əksəriyyətinin ərəb siyasi qüvvələri ilə birgə hökumət qurmaq ehtimalını istisna etməsidir.
Bu amil seçkilərdən sonra yaranacaq siyasi mənzərəni daha da mürəkkəbləşdirə bilər. Çünki parlamentdə kifayət qədər mandat qazanan ərəb partiyaları belə hökumətin formalaşdırılmasında kənarda qala bilərlər.
İsraildə siyasi qeyri-sabitlik necə yaranıb?
Oktyabrın 27-də keçiriləcək səsvermə 2019-cu ildən bəri İsraildə altıncı parlament seçkisi olacaq. Bu müddət ərzində ölkədə hökumətlərin formalaşdırılması və hakimiyyətin qorunması ilə bağlı ciddi çətinliklər yaşanıb.
2019-cu ilin aprelində keçirilən seçkilərdə Netanyahunun “Likud” partiyası ilə Beni Qantsın rəhbərlik etdiyi “Mavi və Ağ” partiyası 35 mandat qazanıb. Nəticədə tərəflər arasında yaranan tarazlıq hökumətin formalaşdırılmasını çətinləşdirib.
Həmin ilin sentyabrında keçirilən ikinci seçkidə “Mavi və Ağ” 33, “Likud” isə 32 mandat əldə edib. Lakin bu dəfə də heç bir tərəf parlamentdə çoxluğu təmin edə bilməyib.
2020-ci ilin martında keçirilən üçüncü seçkidə “Likud” 36, “Mavi və Ağ” isə 33 mandat qazanıb. Bundan sonra Netanyahu ilə Qantsın iştirakı ilə birlik hökuməti yaradılıb. Ancaq bu hökumət bir ildən az müddətdə dağılıb.
2021-ci ilin martında keçirilən seçkidə “Likud” 30, Yair Lapidin rəhbərlik etdiyi “Yeş Atid” isə 17 mandat əldə edib. Sonradan Naftali Bennett və Yair Lapidin rəhbərlik etdiyi səkkiz partiyalı koalisiya yaradılıb. Bu koalisiyaya ərəb partiyası “Raam” da daxil olub və nəticədə Netanyahunun 12 illik fasiləsiz hakimiyyəti başa çatıb.
Lakin yeni hökumət də uzun müddət fəaliyyət göstərə bilməyib. 2022-ci ilin noyabrında keçirilən seçkilərdən sonra Netanyahu yenidən baş nazir olub. Onun rəhbərlik etdiyi koalisiya İsrail tarixinin ən sağçı hökumətlərindən biri kimi xarakterizə edilib.
İndi isə ölkə yenidən oxşar siyasi problemlə üzləşir. Rəy sorğuları nə hakimiyyət blokunun, nə də müxalifətin parlamentdə müstəqil şəkildə çoxluq əldə edəcəyinə dair aydın mənzərə yaradır.
Bununla belə, oktyabrın 27-də keçiriləcək seçkilərin əvvəlkilərdən bir mühüm fərqi var. Bu, 38 il ərzində Knessetin tam dördillik səlahiyyət müddətinin təbii sonuna çatması ilə əlaqədar keçirilən ilk seçkidir.
Hazırkı hökumət və müxalifət parlamentdə neçə yerə sahibdir?
Parlament buraxılarkən Netanyahunun rəhbərlik etdiyi koalisiya 120 yerdən 60-na sahib idi. Bu koalisiyaya “Likud”un 32, “Şas”ın 11, “Dini Sionizm”in 7, İtamar Ben-Qvirin “Otsma Yehudit” partiyasının 6 və “Yeni Ümid”in 4 deputatı daxil idi.
“Şas” partiyası 2025-ci ilin iyulunda hökumətdən ayrılsa da, koalisiya daxilində qalmaqda davam edib. “Yeni Ümid” partiyasının isə builki seçkilərdə “Likud”a birləşəcəyi bildirilir.
Müxalifətin parlamentdəki ümumi sayı 59 mandat olub. Buraya Yair Lapidin “Yeş Atid” partiyasının 24, “Mavi və Ağ”ın 8, “Vahid Tövrat Yəhudiliyi”nin 7, “Yisrael Beyteynu”nun 6, “Hadaş-Taəl” və “Raam”ın hər birinin 5, Leyboristlər Partiyasının isə 4 deputatı daxil idi.
Seçkilərdən sonra İsraili nə gözləyir?
Oktyabrın 27-də keçiriləcək seçkilərdə hansı partiyanın daha çox səs toplayacağı qədər, siyasi qüvvələrin sonradan hansı razılaşmalara gələcəyi də vacibdir.
Əgər Netanyahu və müttəfiqləri 61 mandatı təmin edə bilsələr, hazırkı siyasi xəttin davam etdirilməsi mümkün olacaq. Bunun üçün ultraortodoks partiyaların və digər sağçı qüvvələrin dəstəyinin qorunması vacibdir.
Müxalifət kifayət qədər mandat qazansa və partiyalar arasında razılaşma əldə olunsa, ölkədə yeni hökumətin qurulması gündəmə gələ bilər. Ancaq ərəb partiyaları ilə əməkdaşlıq məsələsi bu prosesin qarşısında əsas maneələrdən biri olaraq qalır.
Heç bir tərəf parlament çoxluğunu təmin edə bilməsə, hökumətin formalaşdırılması uzana bilər. Bu halda kiçik partiyalar və müstəqil deputatlar daha böyük siyasi əhəmiyyət qazana bilərlər.
Netanyahu seçkilərdə məğlub olsa belə, yeni hökumət and içənə qədər müvəqqəti baş nazir vəzifəsində qalacaq.
Beləliklə, oktyabrın 27-də keçiriləcək seçkilər yalnız parlamentdəki yerlərin bölüşdürülməsi ilə bağlı olmayacaq. Səsvermə İsrailin gələcək siyasi istiqamətini, hökumətin təhlükəsizlik siyasətini və ölkənin daxili problemlərə yanaşmasını müəyyənləşdirən mühüm mərhələ olacaq. Ancaq seçkilərin nəticəsi nə olursa-olsun, yeni hökumətin yaradılması üçün siyasi partiyalar arasında razılaşma əldə edilməsi həlledici əhəmiyyət daşıyacaq”.
Sonuncu rəy sorğusunun nəticələri açıqlanıb
Məlumat üçün onu da bilidrək ki, İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkiləri ilə bağlı “Channel 12” telekanalının oktyabrın 19-da açıqlanan sorğusunda partiyaların ehtimal olunan mandat sayı müəyyənləşdirilib.
Məlumata görə, 120 yerlik parlamentdə partiyaların bölgüsü belə proqnozlaşdırılır:
Netanyahu tərəfdarları:
“Likud” – 21 mandat;
“Otsma Yehudit” – 8 mandat;
“Şas” – 8 mandat;
“Vahid Tövrat Yəhudiliyi” – 7 mandat;
“Dini Sionizm” – 7 mandat.
Netanyahuya qarşı olan müxalifət partiyaları:
“Yəşar” – 24 mandat;
“Birlikdə” – 14 mandat;
“Demokratlar” – 9 mandat;
“Yisrael Beyteynu” – 8 mandat.
Ərəb partiyaları:
“Birgə Siyahı” – 9 mandat;
“Raam” – 5 mandat.
Sorğuda Netanyahu tərəfdarı partiyaların ümumilikdə 51, müxalifətin 55, ərəb partiyalarının isə 14 mandat qazanacağı proqnozlaşdırılır.
Beləliklə, heç bir siyasi düşərgənin hökumət qurmaq üçün tələb olunan 61 mandatı təkbaşına əldə edəcəyi gözlənilmir. Seçkilərdən sonra hökumətin formalaşdırılması partiyalar arasında aparılacaq danışıqlardan asılı olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz