
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 20 milyard 29,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Yeniavaz.com xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi istehsalı 2,3 faiz azalıb.
Hesabat dövründə istilik elektrik stansiyalarında 15 milyard 170,3 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz azdır.
Su elektrik stansiyalarında isə istehsal 15 faiz artaraq 2 milyard 739,5 milyon kilovat-saata çatıb. Günəş elektrik stansiyalarında elektrik enerjisi istehsalı 10,1 faiz artaraq 533,2 milyon kilovat-saat olub.
Külək elektrik stansiyalarında istehsal kəskin artıb. Belə ki, 2026-cı ilin ilk 9 ayında bu stansiyalarda 841,3 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 dəfə çoxdur.
Biokütlə və tullantıların yandırılması ilə işləyən stansiyalarda elektrik enerjisi istehsalı isə 5,8 faiz artaraq 168,2 milyon kilovat-saat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə əmtəəlik elektrik enerjisi istehsalı 19 milyard 452,5 milyon kilovat-saat olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz azalıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz