Uşaq olmaq, uşaq qalmaq...


(Bir müəllimin gündəliyindən)

...Kiçik bir mübahisə, anlaşılmazlıq... Əsəbi halda avtobusun qapısını çırparaq örtən adam... Ardınca da heyrətlənmiş nəzərləri ilə anasına baxan uşaq:
- Ana, əmi nə üçün qapını çırpdı?
Sonra dərin bir sükut... Uşaq bu ani hiddətin səbəbini axtarırdı. Bəlkə bu hiddətin nə üçün baş verdiyini anlamaq, bəlkə də belə kiçik bir hadisəyə görə hövsələdən çıxmağa ehtiyac olmadığını ifadə etmək istəyirdi. Bəlkə də!.. Ancaq uşaq uşaqlığı ilə böyüklərə çox şeyi ifadə etmişdi. Təfəkkür dəryasına atmış, onları düşünməyə vadar etmişdi. Hadisələrə uşaq qalmaq, hadisələrdə uşaq olmaq. Dünyanın problemlərini bir kənara qoymaq. Olanlarla razılaşmaq. Tez küsüb, tez barışmaq...
Bir anlıq ürəyimdən uşaq olmaq keçdi. Niyyətim hadisələrə biganə qalmaq deyildi. Sadəcə olaraq, bizi əhatə edən, bəzən heç bir əhəmiyyəti olmayan hadisələrin içində boğulmamaq idi. Məqsədim bizi hövsələdən çıxara biləcək hadisələr qarşısında uşaq olmaq, uşaq qalmaq idi...
Uşaqlıq illərimdə atamın da təkidi ilə dahi rus yazıçısı Tolstoyun əsərlərinə tez-tez müraciət edirdim. Məhz elə o an, gözlərimin qarşısında o əsərlərdən bir səhnə canlandı...
...İki qız uşağı bir yerdə oynayarkən, istəmədən biri o birinin palçığa düşməsinə səbəb olur. Palçığa düşməsi ilə balaca qızın ağlamağa başlaması bır olur. Həyəcanla eşiyə çıxan qızın valideynləri onun bu vəziyyətini görüb əsəblərini cilovlaya bilmirlər və nəticədə, acı söz dolu, təhqir dolu bir mübahisə başlayır. Mübahisənin gərgin vaxtında valideynlərdən birinin gözü uşaqlara sataşır və gördüyü mənzərə qarşısında donub qalır. Digər valideynlər də uşaqlarının hər şeyi unudaraq yenidən əl-ələ verdiklərini görüb böyük ağılları ilə etdikləri səhvdən utanırlar...
Bəli, hadisələrə uşaq qalmaq, hadisələrdə uşaq olmaq... Kindən, nifrətdən, həsəddən uzaq olmaq... Hər yerdə, hər kəsdə, hər şeydə xoşbəxt olmaq üçün bir səbəb axtarmaq...
Günəş şüaları, zərif yağış damlaları, incə qar dənəcikləri, yaşıl ağaclar, uçan quşlar, təbəssüm yayan insanlar, hətta bizim üçün mənasız olan boş şüşələr, kiçik dəmir qırıntıları və ya kağız parçaları belə onların xoşbəxt olması üçün kifayətdir. Uşaq olmaq, uşaq qalmaq böyüyüb biganə qalmaqdan daha gözəldir?..

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top