
ABŞ Prezidenti Donald Tramp yeni qanunla nəzərdə tutulan Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqini özünün və ya dövlət katibi Marko Rubionun növbəti göstərişinə qədər dayandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə oktyabrın 16-da Ağ Evin saytında dərc olunmuş fərmanda bildirilib.
Sənədə əsasən, fərmanda nəzərdə tutulan istisnalar prezident və ya dövlət katibi maliyyə naziri və ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi ilə məsləhətləşmələr aparıldıqdan sonra əlavə tədbirlərin görülməsinin zəruriliyinə qərar verənə qədər qüvvədə qalacaq.
Fərmanda bu istisnalar üçün heç bir müddət göstərilməyib.
Qeyd edək ki, Tramp sentyabrın 18-də Konqres tərəfindən qəbul edilmiş, Rusiyanın ali siyasi və hərbi rəhbərliyinə, eləcə də dövlət şirkətlərinə qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb.
Qanun Rusiyadan gələn enerji təchizatına 500%, Rusiya enerjisinin əsas alıcıları olan ölkələrdən gələn enerji təchizatına isə 100% tarif artımı nəzərdə tutur.
Qanuna görə, bununla belə, Vaşinqton administrasiyası bu tədbirlərin ABŞ-nin maraqlarına uyğun olmadığına inandığı təqdirdə onlardan imtina edə bilər.
Trampın imzaladığı fərman qanunun əsas müddəalarının hələlik qüvvəyə minməyəcəyini müəyyən edir.
Tətbiqimizi yükləyə bilərsiniz