ABŞ-də büdcə kəsiri 2 trilyon dollara yaxınlaşır


ABŞ-nin 2026-cı maliyyə ili üçün sentyabr ayında başa çatan federal büdcə kəsiri 12 faiz artaraq 1,99 trilyon dollara çatıb.
Yeniavaz.com
“Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu, son beş ilin ən yüksək göstəricisidir.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, federal büdcə xərcləri 5%-dən çox artaraq, 7,4 trilyon dollara, gəlirlər isə təxminən 3% artaraq, 5,4 trilyon dollara çatıb.
Hökumətin borc üzrə ümumi faiz ödənişləri 1,22 trilyon dollardan 1,36 trilyon dollara yüksəlib. Xalis faiz xərcləri isə 1 trilyon dolları ötüb.
“Bloomberg” qeyd edir ki, büdcə kəsiri ardıcıl dördüncü ildir ki, təxminən 2 trilyon dollar səviyyəsində qalır.
Agentlik bildirir ki, bu fərq ÜDM-in təxminən 6%-ni təşkil edir.  
Maliyyə Naziri Skott Bessent artan kəsirin əsas səbəblərindən biri kimi tarif güzəştlərini göstərib. Güzəşt ödənişləri ABŞ Ali Məhkəməsinin fevral ayında Prezident Donald Tramp tərəfindən 2025-ci ilin aprelində tətbiq edilən idxal tariflərinin əksəriyyətini ləğv edən qərarı ilə əlaqədardır .
Digər tərəfdən, avqust ayında ABŞ-nin milli borcu ilk dəfə olaraq 40 trilyon dolları keçib . Konqresin Büdcə İdarəsi federal büdcə kəsirinin 2035-ci ilə qədər 2,7 trilyon dollara qədər arta biləcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, ABŞ-də daha böyük büdcə kəsiri sonuncu dəfə “COVID-19” pandemiyası dövründə - 2021-ci ildə qeydə alınıb. Həmin il kəsir 2,77 trilyon dollar təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top