Gözlənilməz qərar


(Həyat dərsi)

Ölkə dəhşətli bir xəbərlə sarsıldı. Məşhur bir futbolçu həyat yoldaşını öldürməkdə günahlandırılırdı...
Məhkəmə lap Amerika filmlərindəki kimi idi. Futbolçu müttəhim kürsüsündə oturmuşdu. Qucaq-qucaq pul verib tutduğu vəkili isə həyəcanlı sözlərlə hakimləri inandırmağa çalışırdı:
- Möhtərəm hakimlər, mən müttəhimin günahsız olduğuna inanıram. Bir azdan siz özünüz də buna şahid olacaqsınız. Niyə? Baxın, indi mən 1-dən 10-a qədər sayacağam və müttəhimin həyat yoldaşı qapıdan içəri girəcək: 1... 2... 3... 4... 5... 6... 7... 8... 9... 10...
Vəkil sayıb qurtaran kimi hamı qapıya çevrildi. Ancaq qapıda heç kim yox idi. Hakimlər sual dolu nəzərlərlə vəkilə baxdılar. Vəkil işinin ustası idi. Artıq hücuma keçmək olardı:
- Baxın, siz də qadının öldüyünə inanmırsınız. Çünki mən sayıb qurtaran kimi hamınız qapıya baxdınız. Ona görə də, tələb edirəm ki, qərarınızı buna görə verəsiniz...
Araya ani bir sükut çökdü. Sonra hakimlər məsləhətləşmək üçün salondan çıxdılar. Bir azdan hakimlər qayıtdılar. Və hökm oxundu. Hökm qəti idi. Həyat yoldaşının ölümündə elə futbolçu özü günahkar idi.
Məhkəmə başa çatdı. Vəkil çıxışda baş hakimə yaxınlaşdı:
- Mən 10-a qədər sayanda başqaları kimi siz də qapıya baxdınız. Bəs niyə belə bir qərar qəbul etdiniz?
Hakim cavab verdi:
- Düzdür, mən də qapıya baxdım. Ancaq müttəhim qapıya baxmadı...

DİGƏR XƏBƏRLƏR

Top