
Ağstafa Rayon İcra Hakimiyyətinin rəsmi sosial şəbəkə hesablarında dərc etdiyi elanda çoxsaylı orfoqrafiya səhvlərinin olması sosial şəbəkələrdə müzakirələrə və narazılığa səbəb olub.
Yeniavaz.com xəbər verir ki, dövlət qurumunun yaydığı elanda Azərbaycan dilinin normalarının kobud şəkildə pozulması diqqətdən yayınmayıb.
Sözügedən elandan belə görünür ki, foto süni intellekt (AI) alətləri vasitəsilə hazırlanıb və redaktə olunmadan, olduğu kimi icra hakimiyyətinin rəsmi səhifəsində dərc olunub.
Cəmi 4-5 cümlədən ibarət olan elandakı orfoqrafiya səhvlərinin bəzilərini təqdim edirik:
Elanın yuxarı hissəsində “Su hayatdır!” yazılıb. Halbuki Azərbaycan dilinin orfoqrafiya qaydalarına əsasən, “Su həyatdır!” şəklində yazılmalıdır. Daha sonra böyük hərflərlə yazılan “FASILƏ” sözü “FASİLƏ” kimi yazılmalıdır.
Bundan başqa, “M.Ə.Resulzadə” adında “ə” hərfi “e” ilə əvəzlənib. Bu cür səhv “keçirəcekdir”, “gəlecəyə” kimi sözlərdə də təkrarlanıb.

Məlumat üçün bildirək ki, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsində açıq şəkildə qeyd olunur ki, elanlarda dövlət dili normalara uyğun tətbiq edilməlidir.
İnzibati Xətalar Məcəlləsinin 533.1-ci maddəsində isə qeyd olunur ki, dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 300 manatdan 400 manatadək, hüquqi şəxslər isə 500 manatdan 1 000 manatadək məbləğdə cərimə edilir.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz