
Bu ilin sentyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda bank və digər kredit təşkilatlarının kredit portfeli 34 milyard 884 milyon manat təşkil edib.
Yeniavaz.com xəbər verir ki, kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artıb.
Ümumi kredit portfelinin 28 milyard 932,7 milyon manatı və ya 82,9%-i uzunmüddətli kreditlərin payına düşüb.
Qısamüddətli kreditlərin həcmi isə 5 milyard 951,3 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə qısamüddətli kreditlər 20,2%, uzunmüddətli kreditlər isə 13,4% artıb.
Kreditlərin 94,1%-i banklar, 5,9%-i isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Hesabat dövründə ödəmə vaxtı keçmiş kreditlərin məbləğində də artım qeydə alınıb. Belə ki, vaxtı keçmiş kreditlər (problemli kreditlər) son bir il ərzində 36% artaraq 721,8 milyon manata çatıb.
Sentyabr ayının əvvəlinə olan məlumata görə, vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,1% təşkil edib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz