Azərbaycan əhalisinin təbii artımı 1945-ci ildən sonra ən aşağı səviyyəyə düşdü


Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 56 min 404 doğulan körpə qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən bu göstərici 9,3-dən 8,2-yə düşüb.
Doğulan körpələrin 53,2 faizi oğlan uşaqları, 46,8 faizi isə qız uşaqları olub.
Eyni zamanda, bu ilin ilk səkkiz ayı ərzində ölkədə 40 min 191 ölüm halı qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən ölüm göstəricisi dəyişməyərək 5,9 səviyyəsində qalıb.
Nəticədə ölkə üzrə əhalinin hər 1000 nəfərinə düşən təbii artım göstəricisi 2,3-ə düşüb.
Məlumat üçün bildirək ki, əhalinin təbii artımı son 81 ildə qeydə alınan ən aşağı göstəriciyə düşüb. Belə ki, sonuncu dəfə 1945-ci ildə əhalinin təbii artımı bu ilin ilk səkkiz ayında qeydə alınan göstəricidən aşağı olub.
1945-ci ildən sonra Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən təbii artım ən aşağı səviyyəyə 2021-ci ildə enib. Həmin il bu göstərici 3,5 olub. Ən yüksək təbii artım isə 1960-cı ildə qeydə alınıb. Həmin il ölkədə əhalinin hər 1000 nəfərinə düşən təbii artım 35,9 olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, 1960-cı illə müqayisədə bu ilin ilk səkkiz ayında əhalinin hər 1000 nəfərinə düşən təbii artım göstəricisi 11,3 dəfə azalıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top