Mask uçan avtomobili təqdim etdi – Video


“Tesla” şirkətinin baş icraçı direktoru İlon Mask cümə axşamı uçmaq qabiliyyətinə malik olacağını bildirdiyi avtomobili təqdim edib.
Yeniavaz.com
CNN-ə istinadla xəbər verir ki, Maskın digər şirkəti “SpaceX”ə məxsus Texasdakı sınaq mərkəzində keçirilən təqdimat zamanı “Tesla”nın yeni “Roadster” modeli nümayiş etdirilib.
İki nəfərlik idman avtomobili saatda 60 mil (təxminən 96 km/saat) sürətə bir saniyədən az müddətdə çata bilər.
Maskın sözlərinə görə, avtomobilin alt hissəsindəki sorucu qüvvə sayəsində o, dik maili səthlə yuxarı qalxıb başıaşağı vəziyyətdə asılı qala, daha sonra isə həmin səthdən ayrılaraq havada fırlana və hava reaktiv mühərriklərindən istifadə etməklə yerə enə bilər.
Nümayiş zamanı avtomobildə sürücü olmayıb. Mask bunun səbəbini tədbir iştirakçılarına belə izah edib:
“Heç kimin xəsarət almamasına əmin olmaq istəyirik. Uğura zəmanət verilmir. Bunu ciddi deyirəm. Çox güman ki, hər şey işləyəcək. Amma işləməsə, biz təhlükəsiz məsafədə olacağıq”.
Cümə axşamı keçirilən nümayişin sonrakı hissəsində “Roadster” eyni hava reaktiv sistemlərindən istifadə edərək yan-yana düzülmüş “Tesla” avtomobillərinin üzərindən tullanıb. Daha sonra avtomobilin arxa hissəsindəki reaktiv sistemlər işə düşüb və maşın rekord müddətdə saatda 60 mil sürətə çatıb.

Lakin nümayişin uğurlu keçməsinə baxmayaraq, avtomobilin vəd edilən imkanları həqiqətən təmin edib-etməyəcəyi hələ sübut olunmayıb. Xüsusilə onun yalnız qısa məsafəyə tullanmaqla kifayətlənməyərək havada uça bilməsi və eyni zamanda yollarda yüksək sürətlə hərəkət etməsi sual altındadır.
Maskın sözlərinə görə, avtomobilin hərəkəti üçün 10 hava çıxış ucluğundan və “ultra yüksək təzyiqli hava çənləri” adlandırdığı sistemdən istifadə olunur. Bu sistem həm avtomobilin havaya qalxmasına, həm də yerdə hərəkət edərkən daha da sürətlənməsinə imkan verir.
Mask bu texnologiyanı dünyanın ən yaxşı avtomobil şirkəti ilə ən yaxşı raket şirkətinin əməkdaşlığının nəticəsi kimi xarakterizə edib.
O bildirib ki, avtomobilin istehsalına 2028-ci ildə başlanacaq. Bununla belə, “Tesla”nın tarixi göstərir ki, Mask əvvəllər də müxtəlif layihələrin həyata keçiriləcəyi tarixlərlə bağlı vədlər verib, lakin həmin müddətlər bəzən bir neçə il gecikib.

DİGƏR XƏBƏRLƏR

Top