ABŞ İranı “Bütün bombaların anası” ilə vuracaq? – Trampdan açıqlama


ABŞ Prezidenti Donald Tramp İrana məxsus nüvə obyektlərinə, o cümlədən “Pickaxe Mountain” (Kirkəşka dağı) kimi tanınan möhkəmləndirilmiş yeraltı kompleksə yeni zərbələr endirilməsi ehtimalını istisna etməyib.
Yeniavaz.com
xəbər verir ki, bu açıqlama Pentaqonun ABŞ arsenalında olan ən güclü aviasiya bombasının – “Bütün bombaların anası” adlandırılan bombanın tətbiqi imkanını nəzərdən keçirməsi barədə məlumatların yayıldığı bir vaxta təsadüf edib.
Tramp “Newsmax” telekanalına eksklüziv müsahibəsində İrana qarşı yeni hərbi əməliyyatların keçirilməsi ehtimalını müzakirə edib. Bununla yanaşı, o, danışıqlar və ya digər amillər sayəsində müharibənin tezliklə başa çatacağına əmin olduğunu bildirib.
ABŞ-nin “Bütün bombaların anası” adlandırılan silahı, ehtimal ki, noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən sonra tətbiq edə biləcəyi barədə yayılan məlumatlarla bağlı suala cavab verən Tramp bu silahın nüvə silahı olmadığını vurğulayıb.
“Axı “Bütün bombaların anası” nüvə silahı deyil”, – deyə ABŞ Prezidenti bildirib.
Aparıcı Rob Finnerti dəqiqləşdirici sual verib: “Yəni bu, taktiki nüvə silahı deyil?”
“Xeyr, bu, ümumiyyətlə, nüvə silahı deyil. Sadəcə, olduqca güclü bombadır”, – deyə Tramp cavab verib.
“Bu, kiçik nüvə bombasına bənzəyir. “Bütün bombaların anası” nəhəng bombadır, lakin nüvə silahı deyil”, – deyə o əlavə edib.
Bununla belə, Tramp sözügedən bombanın tətbiqinə icazə verib-vermədiyini açıqlamayıb və mümkün zərbənin hansı hədəfə yönəldilə biləcəyini də bildirməyib.

DİGƏR XƏBƏRLƏR

Top