ABŞ Ukraynanı Rusiyanın enerji obyektlərinə hücuma görə hədələyib


ABŞ kəşfiyyat rəsmiləri Ukraynanın Rusiyanın enerji obyektlərinə hücumları davam etdirəcəyi təqdirdə Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsini dayandıracaqları barədə xəbərdarlıq ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məsələdən məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski də Vaşinqtonun kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmaqla hədələdiyini təsdiqləyib. O bildirib ki, xəbərdarlıq birbaşa ona deyil, Ukrayna generallarına çatdırılıb.
ABŞ Prezidenti Donald Tramp isə Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasının davam edəcəyini bildirib. Onun sözlərinə görə, Vaşinqton müharibənin başa çatmasını istəyir.
Məlumata görə, Zelenski bundan əvvəl iki gecə ardıcıl olaraq Rusiya tərəfindən Kiyevə ballistik raket hücumları ilə bağlı xəbərdarlıq almadıqlarını açıqlayıb. Ukrayna tərəfi kəşfiyyat məlumatlarının vaxtında ötürülməməsinin paytaxtın enerji obyektlərinə hücumlarla nəticələndiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp Rusiya və Ukrayna arasında enerji obyektlərinə zərbələrin dayandırılmasını nəzərdə tutan atəşkəs təşəbbüsü ilə çıxış edib və Ukraynadan Rusiya neft emalı zavodlarına hücum etməməyi tələb edib. Zelenski əvvəlcə zərbələrin dayandırılması barədə göstəriş verdiyini, lakin Rusiyanı razılaşmanı pozmaqda ittiham etdikdən sonra qadağanı ləğv etdiyini açıqlayıb.
Rusiya hökuməti isə oktyabrın 14-də Ukrayna ordusunun iki neft emalı obyektinə zərbə endirdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top