
Ermənistanda Ermənistan-Türkiyə biznes forumunun keçirilməsi planlaşdırılır.
Yeniavaz.com “News.am” portalına istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 15-də İrəvanda ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Mirzoyan Türkiyə ilə münasibətlərin normallaşdırılması və sərhədlərin açılması istiqamətində danışıqların davam etdiyini deyib. Onun sözlərinə görə, tərəflər arasında demək olar ki, hər gün dialoq aparılır.
Nazir son dövrdə əldə olunan irəliləyişlər sırasında Türkiyənin Ermənistanla birbaşa ticarətə qoyulan qadağanı aradan qaldırmasını, Ani körpüsünün birgə bərpasını və Gümrü-Qars dəmir yolunun yenidən fəaliyyətə başlaması layihəsini qeyd edib.
O, həmçinin Türkiyədə keçirilən biznes forumunun uğurlu olduğunu və tədbirin davam etdirilməsinə ehtiyac yarandığını bildirib. Növbəti forumun Ermənistanda keçirilməsi nəzərdə tutulur.
Mirzoyan vurğulayıb ki, əsas məqsəd iki ölkə arasında rəsmi əlaqələr qurmaq və sərhədlərin tam açılmasına nail olmaqdır.
Türkiyə ilə danışıqlar üçün yeni xüsusi nümayəndənin təyin olunması məsələsinə də toxunan nazir bildirib ki, əsas məsələ yeni nümayəndəyə ehtiyacın olub-olmamasıdır.
Tətbiqimizi yükləyə bilərsiniz