"Azərbaycanda serialların böyük əksəriyyəti süni və bəsit süjet üzərində qurulur"

Dünyada serial bumu yaşanır. Bu danılmazdır. Müasir serial istehsalçıları realizm əsaslı məhsullarla daha çox uğur qazanmağa çalışırlar. Bu barədə saytımıza sənətşünaslıq üzrə fəlsəfə direktoru Vidadi Qafarov məlumat verib. Onun sözlərinə görə, təəssüf ki, bizim serial yaradıcıları realizmdən imtina bir yana, mövcud reallıqları təhrif etmək və ya ifrat şişirtməklə populyar saydıqları janrlarda özlərini "sınayırlar": "Bəzi seriallar sanki Azərbaycandan deyil, kriminal Siciliya mafiyasından, ötən əsrin 50-ci illərinin Çikaqo qanqsterlərindən bəhs edir. Digərləri də ucuz, bəsit və mənasız gülüşdən, qara-qışqırıqdan, şit zarafatlardan ibarət, guya sosial xarakterli telefilmlərdir. Serialların böyük əksəriyyəti süni və bəsit süjet üzərində qurulub, heç bir inandırıcı hadisəyə əsaslanmır. Obrazların da böyük qismi xəyal məhsuludur. Serialların janrları, ideyaları aydın olmadığından təyinatı, hansı auditoriya üçün nəzərdə tutulduğu da anlaşılmır". Sənətşünas bir mühüm məsələni də vurğuladı: "Heysiyyətimə toxunansa həm seriallarda, həm də guya yumoristik proqramlarda cidd-cəhdlə reallıqdan uzaq, eybəcər azərbaycanlı "obrazlarının" yaradılması, onlar üzərində lağlağı formatında mənasız gülüşlü əyləncəyə geniş yer verilməsidir. Əlbəttə, bunun üçün böyük yaradıcı təfəkkürə, istedada ehtiyac yoxdur. Amma gəlin görək bu filmlər cəmiyyətə nə verir, missiyası nədən ibarətdir? Sənət və ictimai fayda baxımından - heç nə! Əksinə, insanların zövqü korlanır, bədii təxəyyülü qaralır. Bəzən isə bu daha arzuolunmaz fəsadlar törədir: ucuz, mənasız gülüş obrazlarının bədheybət geyimləri, hərəkətləri, danışıq dili, ümumilikdə "xarakter"i uşaq və yeniyetmələrin etik, estetik tərbiyəsinə, şübhəsiz ki, mənfi təsir göstərir. Bu isə yolverilməzdir". Sənətşünasın fikrincə, bütün bunlar müvəqqətidir. Çünki Azərbaycan televiziya dramaturgiyası dəyərli ənənələrə, böyük yaradıcılıq potensialına malikdir.

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top